image-reklam-veteninfo
image-1backend

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qaldı

image-reklam-veteninfo

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisi dron hücumuna məruz qalıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə oktyabrın 5-də Rumıniyanın sahilləri yaxınlığında baş verib. Hücuma məruz qalan gəminin adı “Röyad Məmmədov”dur.

Məlumata əsasən, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm İsmayıl oğlu Həsənov həlak olub.

Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir.

Gəminin heyətində olan digər Azərbaycan vətəndaşlarının xilas edildiyi bildirilir. Onlardan üç nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, gəmi Rumıniyanın Eksklüziv İqtisadi Zonasında, Sfantu Gheorghe bölgəsindən təxminən 30 dəniz mili cənubda, Peskarus neft platformasının yaxınlığında dron hücumuna məruz qalıb. Hücumdan sonra gəmidə yanğın baş verdiyi və gəminin daha sonra batdığı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisə ilə bağlı açıqlamasında gəminin Rusiya ordusunun dron hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, hücum zamanı gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Zelenski gəminin kapitanının öldüyünü, bir nəfərin taleyinin isə məlum olmadığını və 11 heyət üzvünün xilas edildiyini qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı ölkənin diplomatik nümayəndəlikləri və aidiyyəti dövlətlərin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparır.

Nazirlikdən bildirilib ki, xəsarət alan Azərbaycan vətəndaşlarına tibbi və konsulluq dəstəyi göstərilməsi, həlak olan şəxslərin cənazələrinin Azərbaycana gətirilməsi və itkin düşən vətəndaşın axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülür.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də riskli marşrutlarda, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki