Türkiyəyə məxsus “Royad Mammadov” adlı ticarət gəmisi Qara dənizdə dron hücumuna məruz qaldıqdan sonra batıb.
Vətəninfo.az xəbər verir ki, Rumıniya mediasının yaydığı məlumata görə, hadisə Rumıniyanın Eksklüziv İqtisadi Zonasında, Sfantu-Georgedən təxminən 30 dəniz mili cənubda, Peskarus neft platformasının yaxınlığında baş verib.
Məlumata görə, gəmiyə zərbə endirildikdən sonra yanğın başlayıb. Hadisə nəticəsində iki heyət üzvü həyatını itirib.
Gəmidə olan digər 11 dənizçi isə Rumıniyanın xilasedici xidmətləri və sahil mühafizəsi əməkdaşları tərəfindən xilas edilib.
Xilas edilənlər arasında gəminin kapitanı və bir neçə digər heyət üzvünün yaralandığı bildirilir. Yaralılar helikopterlə sahilə təxliyə edilərək tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Hadisə Qara dənizdə hərbi risklərin artdığı və kommersiya gəmilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların gücləndiyi bir vaxtda baş verib.
Hücumun hansı tərəf tərəfindən həyata keçirildiyi və gəminin konkret olaraq hansı səbəbdən hədəfə alındığı barədə hələlik rəsmi açıqlama verilməyib.


























