Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin qəza səbəbləri ilə bağlı istintaqın ilkin nəticələri artıq gələn həftə ictimailəşdirilə bilər.
Vətəninfo.az xəbər verir ki, bunu bu gün Qazaxıstanın baş nazirinin müavini, təyarə qəzasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev bildirib.
“Qara qutular Braziliyada tamamilə deşifrə edilib və Qazaxıstana qaytarılıb,” – Bozumbayev vurğulayıb.
Aktau yaxınlığında qəzaya uğramış təyyarənin ekipaj üzvləri arasındakı danışıqların “sızdırılmış” məlumatları “qara qutunun” məlumatları ilə üst-üstə düşmür.
O qeyd edib ki, Qazaxıstan tərəfi “sızmanın” mənbəsini axtarmaq niyyətində deyil.
“Biz həmin məlumatları “qara qutuların” deşifrə olunmuş məlumatlarının “sızması” kimi nəzərdən keçirmirik. Əgər bu internetdə dərc olunubsa, bu onun həqiqət olduğuna dəlalət etmir. “Qara qutu”dakı məlumatlarla müqayisədə böyük fərqlər var.”
Bozumbayev “sızan məlumatların” olduğu səsyazılarını şəxsən dinlədiyini və həmin yazılarda ekipaj üzvləri arasında danışıqların olmadığını diqqətə çatdırıb.