image-2backend

“Qarabağın hava qapısı” – Füzuli

image-reklam_sirab_01

Şanlı Zəfər yürüşünün – 44 günlük Vətən müharibəsinin 21-ci günü – 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Füzuli uğrunda aparılmış savaş Azərbaycan dövlətinin və Ordusunun qüdrətini, xalqımızın yenilməzlik əzmini nümayiş etdirmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Nəzərə alsaq ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları potensial baxımından Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanına malikdir, qeyd edə bilərik ki, bərpa və yenidənqurma mərhələsindən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək. Bu gün investisiya qoyuluşları daxili mənbələr hesabına həyata keçirilir və Azərbaycan üçün vacib layihələrdir. Ölkənin mövcud potensialı sərmayələri qoymaq və tələb olunan maliyyəni qarşılamaq imkanındadır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Böyük Qayıdış Proqramı dünyada ən genişmiqyaslı bərpa-yenidənqurma layihələrindən biri olaraq beynəlxalq aləmin diqqət mərkəzinə çevrilib. Azərbaycan xalqı əmindir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bütün rayonları, o cümlədən Füzuli rayonu tezliklə dünyada şöhrət qazanacaq. Füzulinin işğaldan azad olunmasından sonra dövlət başçısı İlham Əliyev dəfələrlə buraya səfər edib. 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Cənab İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu, Qarabağın Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Füzuli rayonu ərazisində də genişmiqyaslı yenidənqurma və bərpa işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
   Sailə Salahova, YAP Pirallahı rayon təşkilatının fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki