Azərbaycana gələndə – qırmızı xalılarla qarşılanıb, ən yüksək səviyyədə qonaq edilən, rəsmi şəxslərlə qucaqlaşıb yaddaş lentlərinə şəkillər həkk etdirən Türkiyənin internet media təmsilçiləri, jurnalistləri, bəs indi haradasınız?
Harasınız Anadolu Yayıncılar Birliyi? Hardasınız TİMBİR (Türk İnternet Medyası Birliği) üzvləri? Məgər bizim bu qardaşlığımız, dostluğumuz elə yalnız Bakının dəbdəbəli otellərinə, tədbirlərinə və ziyafətlərinə qədərdirmi?
Açıq deyək: Axı biz də inciyirik.
Bu gün Türkiyə mediasında, xüsusilə də rəqəmsal platformalarda və internet televiziyalarında Azərbaycanla bağlı gedən proseslərə qarşı dərin bir susqunluq hökm sürür. Təmsil olunduğunuz qəzetlərdə, saytlarda qardaş Azərbaycanın haqq səsinə dair niyə bir kəlmə yazmırsınız? Çıxdığınız o gurultulu efirlərdən, proqramlardan heç olmasa bir dəfə olsun Azərbaycanın haqlı mübarizəsini niyə dilə gətirmirsiniz?
Nə zamana kimi təkbaşına yalnız “Haber Global” bu informasiya mübarizəsini aparmalıdır? Məgər Türkiyənin böyük internet media ordusu, birlik və təşkilatları hara baxır?
Bu günlərdə Azərbaycan İstanbuldakı konsulluğu qarşısında İran yanlısı radikal ünsürlərin və təriqətlərin necə at oynatdığını, sərhədlərimizə və dövlətimizə qarşı sosial platformalarda əsl “xaçlı”yürüşünə bənzər qarayaxma kampaniyalarının aparıldığını görməmək üçün ya kor, ya da vicdansız olmaq lazımdır. Amma təəssüf ki, bu çirkli hücumlar fonunda sizdən nə bir kəsim etiraz, nə də qardaşlıq dəstəyi gördük.
Dost dar gündə, fırtına qopanda, mərmi səsləri və ya informasiya basqıları gələndə tanınar. İsti otaqlarda, rahat studiyalarda oturub Azərbaycanın adından divident qazanmaq asandır. Lakin səngərdə tək qalanda arxaya baxıb heç kəsi görəmməmək acı verir.
Azərbaycan dövləti də, xalqı da yaxşını da unutmamaqla yanaşı, bu cür laqeydliyi, dar gündə başını aşağı salıb gizlənənləri də çox yaxşı görür. Tarix hər şeyi öz yerinə qoyacaq.
Amma bilin ki, sükutunuzla itirdiyiniz sadəcə dostluq deyil – həm də mənəvi haqqınızdır.
Nahid Canbaxışlı
“Vətəninfo.az İnformasiya Agentliyi”nin Baş redaktoru, “Jurnalistlər Ekstremal Şəraitdə”İctimai Birliyin sədri


























