Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) dəstəyi ilə Şanlıurfada keçirilən TEKNOFESTdə iştirak etmək üçün Türkiyəyə səfər etdik. Səfər çərçivəsində Türkiyənin ən qədim və zəngin tarixə malik şəhərlərindən biri olan Qaziantepi də ziyarət etdik.
Qaziantepə qədəm qoyan kimi şəhərin fərqli ab-havası hiss olunur. Təxminən 2,2 milyon insanın yaşadığı bu böyük şəhər müasir həyatın ritmini qorusa da, tarixi keçmişini də gündəlik həyatının bir hissəsinə çevirib. Şəhər sakinlərinin qonaqpərvərliyi isə Qaziantepin ilk diqqətçəkən xüsusiyyətlərindəndir.
Lakin Qaziantepi yalnız müasir və dinamik şəhər kimi təqdim etmək mümkün deyil. Bura minilliklərin izlərini daşıyan, küçələrində tarixin nəfəsinin hiss olunduğu bir məkandır.
Qaziantepin tarixi Anadolu və Yaxın Şərqin mühüm sivilizasiya yollarının kəsişməsində yerləşməsi ilə sıx bağlıdır. Şəhərin qədim adı Ayıntab olub. Tarix boyu müxtəlif dövlətlərin və mədəniyyətlərin təsiri altında formalaşan Qaziantep bu gün də həmin zəngin irsin izlərini qoruyub saxlayır.
Şəhərin qədim məhəllələrində gəzdikcə daş binalar, tarixi evlər, dar küçələr və sənətkarlıq dükanları insanı sanki başqa bir dövrə aparır. Burada keçmiş yalnız muzeylərdə qorunan eksponat deyil. Tarix küçələrdə, bazarlarda, emalatxanalarda və hətta gündəlik həyatın özündə yaşayır.
Qaziantepin simvollarından birinə çevrilən tarixi məkanlardan biri də Bakırcılar Çarşısıdır.
Yolumuz şəhərin ən qədim ticarət məkanlarından biri olan Bakırcılar Çarşısına düşür.
Əsrlərdir sənətkarların səsini eşidən bu çarşı Qaziantepin tarixi kimliyinin ən canlı nümunələrindəndir. Çarşıda misgərlik sənəti bu gün də yaşadılır. Ustaların mis üzərində işləməsi, çəkic səsləri və dükanlarda nümayiş etdirilən əl işləri Qaziantepin qədim sənət ənənələrinin hələ də davam etdiyini göstərir.
Bakırcılar Çarşısının ətrafındakı tarixi küçələrdə müxtəlif məhsullara rast gəlmək mümkündür. Əl işlərindən suvenirlərə, geyim və aksessuarlardan şirniyyatlara qədər burada turistlərin diqqətini çəkən çoxsaylı məhsullar satılır.
Çarşının yerləşdiyi tarixi Buğday Pazarı ərazisi də şəhərin qədim ticarət həyatının mühüm hissələrindən biridir. Bu məkan Qaziantepin yalnız alış-veriş deyil, həm də sənətkarlıq və sosial həyat mərkəzi olduğunu göstərir.
Qaziantepdən danışarkən onun mətbəxini unutmaq mümkün deyil. Şəhər Türkiyənin qastronomiya xəritəsində xüsusi yer tutur.
Burada xüsusilə Qaziantep paxlavası, katmer və müxtəlif ənənəvi şirniyyatlar şəhərin mədəni kimliyinin ayrılmaz hissəsinə çevrilib.
Tarixi Bakırcılar Çarşısının yaxınlığında yerləşən məşhur Beyoğlu Katmerci də bu kulinariya ənənəsinin ünvanlarından biridir. Burada təqdim olunan katmer Qaziantepə gələn turistlərin dadmaq istədiyi ənənəvi ləzzətlərdən sayılır.
Əslində Qaziantepdə mətbəx sadəcə yemək məsələsi deyil. Bu, nəsildən-nəslə ötürülən bir mədəniyyətdir. Əsrlər ərzində formalaşan reseptlər bu gün şəhərin ən mühüm tanıtım vasitələrindən birinə çevrilib.
Şəhərin tarixi görünüşü təkcə turistlərin deyil, Türkiyə kino və televiziya sektorunun da diqqətini çəkib.
Qaziantepin daş küçələri, qədim malikanələri və tarixi məhəllələri bir sıra məşhur serial və filmlərin çəkiliş məkanına çevrilib.
“Yabancı Damat” Qaziantepin tanınmasında xüsusi rol oynayan ekran işlərindən biridir. Qaziantepdə yaşayan türk ailəsi ilə yunan ailəsinin münasibətlərindən bəhs edən serial şəhərin mədəniyyətini, adət-ənənələrini və xüsusilə yerli mətbəxini geniş auditoriyaya tanıdıb.
“Yalı Çapkını” serialının ilk bölümlərində də Qaziantepin tarixi məkanlarından istifadə olunub. Şəhərin qədim malikanələri və tarixi küçələri ekran əsərinin atmosferinə xüsusi rəng qatıb.
“Benim Adım Melek” serialının böyük hissəsinin Qaziantepin tarixi məhəllələrində və qədim daş evlərində çəkilməsi də təsadüfi deyil. Şəhərin özünəməxsus memarlığı serialın vizual üslubunun mühüm elementlərindən birinə çevrilib.
Bundan başqa, “Zerda”, “Karagül”, “Gülperi” və “Güvercin” kimi serialların da müxtəlif səhnələri Qaziantep və ətraf ərazilərdə lentə alınıb.
Beləliklə, şəhərin tarixi küçələri bir tərəfdən turistlər üçün canlı muzey rolunu oynayır, digər tərəfdən isə rejissorlar üçün təbii dekorasiyaya çevrilir.
Qaziantepin əsas özəlliyi onun keçmişlə bu günü bir arada yaşatmasıdır.
Burada bir neçə dəqiqə ərzində müasir şəhər küçəsindən əsrlər yaşı olan daş məhəlləyə keçmək mümkündür. Bir tərəfdə böyük şəhərin sürətli həyatı, digər tərəfdə isə qədim sənətkarların emalatxanaları var.
Bakırcılar Çarşısında mis üzərində işləyən usta, tarixi küçədə turist qarşılayan yerli sakin, əsrlərdir qorunan daş ev və süfrəyə gətirilən ənənəvi katmer – bütün bunlar Qaziantepin vahid hekayəsinin ayrı-ayrı parçalarıdır.
Bu şəhəri gəzdikcə bir həqiqət daha aydın görünür: Qaziantepin tarixi sadəcə keçmişə aid deyil. O, bu gün də yaşayır, dəyişir və şəhərin gündəlik həyatının bir hissəsi olaraq gələcəyə doğru gedir.
Qaziantep məhz buna görə Türkiyənin digər şəhərlərindən fərqlənir – burada tarixə baxmaq üçün muzeyə girməyə ehtiyac yoxdur. Sadəcə küçələrdə gəzmək kifayətdir.
Qoşqar Salmanlı
Qaziantep
#GoTürkiye, @GoTürkiye, #GoGaziantep , #Shanlıurfa

































