image-leylabackend

Qələbənin rəmzi – Zəfər paradı

image-reklam_sirab_01

XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 19 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. 2020-ci il sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

10 noyabr gecəsi isə Prezident İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ilə ayağa qalxan xalqın qələbə sevinci bitib-tükənmirdi. Ölkənin bütün regionlarında sakinlər küçələrə çıxaraq, böyük coşqu ilə qeyd edirdilər.

Azərbaycan tarixində qürurverici, tarixi qələbələrimizi əks etdirən bir çox hadisələr var ki, bu gün də fəxr mənbəyimizdir. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizi əks etdirən Hərbi Qənimətlər Parkı müasir tariximizin bənzərsiz və fəxarət dolu səhifəsidir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır

Hamımız böyük fəxr və qürur hissi keçiririk ki, işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edilmişdir.

Leyla Nəcəfova
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond Müdiri

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki