image-1backend

Qərbi Azərbaycana qayıdış: Yeni addımlar və perspektivlər

image-reklam_sirab_01

Asif Əsgərov

Milli Məclisin deputatı

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərindən biridir. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir.

Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir.

Cənab İlham Əliyevin dekabrın 5-də keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciəti, Azərbaycanın Qərbi Azərbaycana qayıdış hüququna beynəlxalq ictimaiyyət tərəfindən ədalətli yanaşılmasını təmin etmək məqsədi daşıyır. Dövlət başçısı müraciətində, Ermənistan tərəfindən etnik təmizləmə və zorla deportasiya edilən azərbaycanlıların hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası məsələsini vurğulamışdır.

Azərbaycan dövləti, Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Deportasiya edilmiş azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı beynəlxalq hüququn əsas normalarına uyğun olaraq tənzimlənir. Bu çərçivədə dövlətimiz müxtəlif beynəlxalq platformalarda bu mövzunun gündəmdə saxlanılması üçün mühüm diplomatik addımlar atır. Xüsusilə, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək və onun beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək əsas hədəflərdən biridir.

Bununla yanaşı, bu sahədə görülən işlər Qərbi Azərbaycan torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının bərpasına xidmət edir. Dövlətin təşəbbüsü ilə bu mövzuda hüquqi sənədlər hazırlanır, Ermənistanın qanunsuz əməlləri ifşa olunur.

2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qorumaq və onların doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, İcma, Qərbi Azərbaycanla bağlı tarixi, mədəni və hüquqi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirir.

Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti isə öz haqlı mövqeyini qoruyaraq, bu məqsədin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atır.

Dünya birliyi, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. Azərbaycanın diplomatik səyləri bu məsələdə dünya ictimaiyyətinin fəal iştirakını təmin etməyə yönəlmişdir.

Qərbi Azərbaycana qayıdış, Azərbaycan xalqının milli birliyini gücləndirən, tarixi ədaləti bərpa edən və regional sülhə töhfə verən mühüm bir hədəfdir. Azərbaycan dövləti bu yolda öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image