image-reklam-veteninfo
image-1backend

Qəzzada humanitar fəlakət: 500-dən çox insan aclıqdan ölüb

image-reklam-veteninfo

2025-ci ilin əvvəlindən etibarən Fələstinin Qəzza zolağında 500-dən çox insan aclıq səbəbindən həyatını itirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Cazareviç məlumat verib.

Cazareviçin sözlərinə görə, bölgədə hazırda yalnız dörd sabitləşdirmə mərkəzi fəaliyyət göstərir və qida çatışmazlığının qarşısını almaq üçün humanitar yardımın miqyası təcili şəkildə genişləndirilməlidir.

“Təkcə 2025-ci ildə 500-dən çox insan qida çatışmazlığı səbəbilə ölüb. Giriş imkanlarının artırılması və yardım axınının yaxşılaşdırılması, xüsusilə Qəzzanın şimal hissəsində tibbi yardım və ərzaq təminatını genişləndirməyə kömək edəcək”, – deyə ÜST rəsmisi bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) isə məlumat yayıb ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində indiyə qədər 66 288 nəfər həlak olub. Onların 18 430-u uşaqdır. Ölənlərin əksəriyyətini mülki şəxslər təşkil edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) avqustun 22-də Qəzzada aclığın ən yüksək dərəcəsi olan “fəlakətli aclıq” elan edib. Təşkilatın qiymətləndirməsinə əsasən, təxminən 640 000 nəfər sentyabrın sonuna qədər IPC təsnifatına görə beşinci mərhələ sayılan qida çatışmazlığı ilə qarşı-qarşıya qalacaq.

Hazırda bölgədə qida, təmiz su, dərman və tibbi yardım ehtiyacı kritik həddə çatıb. Beynəlxalq təşkilatlar vəziyyətin getdikcə daha da pisləşəcəyindən narahatdır və yardım koridorlarının açılması üçün beynəlxalq ictimaiyyətə təcili çağırışlar edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki