image-reklam-veteninfo
image-1515170fcc2d4fa2bbf8a4c93cad5d68221120235010322_1760961964backend

QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid güclənməkdədir” – PA rəsmisi

image-reklam-veteninfo

“2022-ci ilin dekabrında Azərbaycan QHT-ləri Şuşada Xankəndi-Laçın yolunda post qurmuşdular. Bu, Azərbaycan tarixinə ən uzunmüddətli və fasiləsiz davam etmiş etiraz aksiyası kimi düşdü – 138 günün hər səhifəsi mübarizədə keçdi, hər gün onun sıraları, sosial tərkibi genişləndi və möhkəmləndi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı bu mühüm prosesin məntiqi sonluğu oldu. 2 il əvvəl – oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı. Erməni seperatçılığının tabutuna son mismar da məhz Xankəndidə vuruldu”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib. Onun sözlərinə görə, bu gün azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi rəmzi məna daşıyır. Vətən müharibəsindən ötən 5 ilin təhlili onu göstərir ki, bu dövr ərzində Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm dayandı, onu parçalamaq cəhdləri uğursuzluqla nəticələndi. Milli maraqların müdafiəsində Azərbaycan QHT-ləri vahid mövqedən çıxış etdilər, şəxsi mənafeləri kənara qoydular:

“Bu gün Azərbaycanda dövlət- QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulur. Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır.

Son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80%-i yaşayır, bu ucsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrildi.

Bu gün Qlobal Cənub QHT Platforması Qlobal Şimalla müqayisədə beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını artırmağa çalışır. Platformaya rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi imkanlar açır. Verilən məlumatlara görə, 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək.

Dünya müsəlmanlarının 60%-nin yaşadığı, İslam Səkkizliyi adlanan D8 ölkələrinin QHT-lərinin də ilk görüşünü Azərbaycan QHT-ləri təşkil etdi.

Bu il ilk dəfə dost və qardaş ölkə – Özbəkistanla birgə Azərbaycan və özbək QHT-ləri üçün birgə qrant müsabiqəsi elan olunacaq. Bu, 2023-cü ildə Füzulidə, 2024-cü ildə Daşkənddə iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının keçirdiyi forumlarda qurulmuş münasibətlərin məhsuludur.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3.5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci ildə isə fərqli rekordlarla yadda qalacaq.

Əgər ötən il Agentliyin donorluğu ilə bütün QHT-lər 7 xarici ölkədə tədbirlər keçiribsə, bu il “Gilavar” Foto Klubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə – Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub. Bu, ağır zəhmətin, aylarla davam edən yazışmaların, inadın, güclü komanda işinin, düzgün əlaqələndirmənin uğur hekayəsidir.

Artıq Azərbaycan QHT-lərinin rəyi, baxışı BMT miqyasında istinad mənbəyinə çevrilir. Bu günlərdə ilk dəfə BMT Baş katibi öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad edib. Bu, ciddi nəticədir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi isə son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib.

Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır.

Medianın İnkişafı Agentliyinin monitorinqləri göstərir ki, 2025-ci ilin ilk 9 ayı ərzində respublika üzrə veb-saytlarda mətnində “QHT” sözü olan 11441 link aşkar olunub. Bu, həmin dövr ərzində veb saytların yaydığı informasiyanın təxminən 9%-i anlamındadır. Bu linklərdən 2912-sinin xəbər başlığında “QHT” ifadəsi yer alır.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin “Zəngəzur mahnısı”, Azərbaycan Kartoqrafları İctimai Birliyinin “Zəngəzur xəritəsi” QHT-lərimizin gündəmdəki məsələlərə çevik reaksiyasını nümayiş etdirir.

QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid güclənməkdədir. Təhlillər göstərir ki, illər əvvəl qeydiyyatdan keçmiş bəzi QHT-lərin heç bir fəaliyyəti yoxdur. Onlar kimlər üçünsə süni imtiyaz, cibində QHT vəsiqəsi daşımaq üçündür, ictimai faydası görünmür. Sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq, artıq vəziyyət dəyişməkdədir, QHT sektoruna süni axın xeyli daralıb. 2022-ci illə müqayisədə 2024-cü ildə yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşüb. Yeni QHT yaratmağa dair rəsmi müraciətlərin sayı isə 2022-ci illə müqayisədə bu il 3 dəfə aşağı enib. Bu rəqəmlər onu göstərir ki, QHT fəaliyyətinin göründüyü qədər asan deyil, kifayət qədər mürəkkəb və ciddi iş olması artıq dərk edilir.

Fürsətdən istifadə edərək, bir daha QHT-lərə çağırış edirik ki, xarici donorlarla hər bir qrant, ianə, xidməti müqavilə üzrə fəaliyyət yalnız bu sənədlərin aidiyyəti üzrə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasından sonra icra oluna bilər. Bundan yayınma halları kobud qanun pozuntusudur.

Qarşıdakı dövrdə QHT-lərlə bağlı bir sıra qanunvericilik aktlarının da təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu gün cəmiyyətdə neqativ hallara qarşı mübarizədə Azərbaycan QHT-ləri ictimai qınağın hərəkətverici qüvvəsi kimi çıxış edir. Bu yaxınlarda bəzi ictimai birliklərin saxta orden, medallar paylamağa davam etməsi ciddi etiraz doğurmuşdur. Bu neqativ tendensiyaya nəhayət ki, son qoyulmasının vaxtı çatıb.

Qarşıda Azərbaycan vətəndaş cəmiyyətini yeni imkanlar və böyük uğurlar gözləyir. Əldə edilmiş nəaliyyətlər bizi arxayınlaşdırmamalıdır, əksinə, daha çox çalışmağa sövq etməlidir.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun işinə uğurlar arzulayırıq!

Ümummilli Lider Heydər Əliyev yolu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanı qələbədən qələbəyə aparır.

Bu zəfər yolunda sıralarımız möhkəm, addımlarımız qəti, torpağımız basılmaz olsun!

Diqqətinizə görə sağ olun!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki