Qida təhlükəsizliyi, sağlam qidalanma və ictimai sağlamlıq mövzularına həsr olunmuş “Qidalanma və Qida Təhlükəsizliyi Forumu” gözləniləndən daha böyük maraqla qarşılandı. Qısa zaman ərzində 500-dən çox insanın qeydiyyatdan keçməsi, bu mövzuya olan ictimai həssaslığın və maarifləndirici tədbirlərə verilən dəyərin bariz göstəricisidir.
Forumun keçirildiyi məkanın yerlərinin tam dolmasına baxmayaraq, 4 saat ərzində ayaqüstə dayanaraq yorulmadan dinləyən, müzakirələrə fəal şəkildə qatılan və fikir mübadiləsində iştirak edən bütün iştirakçılarımıza xüsusi təşəkkür edirik. Sizin bu enerjiniz və marağınız tədbirin ruhuna əlavə güc, mənasına isə dərinlik qatdı.
Tədbirdə iştirak edən qida mütəxəssislərinə, dietoloqlara, qida sənayesi nümayəndələrinə, tələbələrə, müəllimlərə və media təmsilçilərinə səmimi təşəkkürümüzü bildiririk. Qida təhlükəsizliyinin təmin olunması, sağlam qidalanma vərdişlərinin formalaşdırılması və ictimai maarifləndirmə sahəsində atılan bu addımlar birgə səylərimizin nəticəsidir.
Bu kimi tədbirlər bizim üçün sadəcə bir görüş deyil, sağlam gələcəyin təməli deməkdir.
Dəstəyiniz, marağınız və enerjiniz üçün bir daha hər birinizə dərin təşəkkürümüzü bildiririk!
Sağlam olun, enerjili qalın və hər zaman təbiətin saf nemətləri ilə bəslənin!


























