image-1backend

Qurban Qurbanovun, Fərhad Abdullayevin və digərlərinin adından istifadə edən “Makler İsa” kimdir? İLGİNC DETALLAR  

image-reklam_sirab_01

Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialında maraqlı cinayət hadisəsinin baş verməsi barədə yazı dərc etmişdik (yazı bu linkdə). Kassir saxta qəbzlərlə 81 min manat əldə etməkdə ittiham olunur.

Vətəninfo.az xəbər verir ki, istintaq orqanı təqsirləndirilən şəxs Zaur İsmayılovun 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştərini aldadaraq 81 min manat pulunu ələ keçirməsi qənaətinə gəlib. İttihamda qeyd edilir ki, Zaur illik 10 faiz qazanc əldə edəcəyi vədi ilə İsa Abdullayevi aldadıb.

Amma Zaur İsmayılov özünün İsa Abdullayevin qurbanı olduğunu, 350 minlik əmlakının ələ keçirildiyini deyir. Belə ki, Zaur torpaq və ev alqı-satqısı ilə məşğul olan İsa Abdullayevə obyektinin satışını etibar edib. Həmçinin qardaşından və bankdan kredit götürərək İsa Abdullayevə qazanc əldə etmək üçün verib.

İş üzrə olduqca ilginc məqamlar var. Zərərçəkmiş şəxs kimi tanınan İsa Abdullayevin kimliyi və fəaliyyəti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub.

Məlumata görə Zaqatalada “Makler İsa” kimi tanınan İsa Abdullayevin əməlləri heç də şəffaf deyil. Onun barəsində 19 nəfər şikayətçi müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.

İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.

Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soy ad oxşarlığını da sübut kimi təqdim edir.

Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir.

Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.

Bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib. Bu işin və digər epizodların detallarını növbəti yazıda ətraflı dərc edəcəyik.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image