Sabiq deputatın özü və vəkili məhkəmə aidiyyətini səhv saldı, utandıqlarından bu gün baş tutacaq məhkəməyə gəlmədilər…
Xəbər verdiyimiz kimi, iddiaçılar-Əsabil Qasımovun “Azəri-Tikinti Şirkəti” MTK-sı, şirkətin rəsmisi Bağırova Ramilə Ramiz qızı və Əmiraslanov Mətin Rafail oğlu Məmmədhəsənov Naiq Əli oğluna, “Təzadlar” qəzetinə və “Vətəninfo.Az» MMC-yə qarşı “Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdilər.
Qısa olaraq deyək ki, iddia ərizəsinə əsasən, iddiaçılar ərizələrində bildirmişlər ki, guya onların şərəf, ləyaqət və işgüzar nüfuzuna ciddi xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar “Təzadlar” qəzetində, “Vətəninfo.az” saytında yayımlanmışdır. Belə ki, “Təzadlar” qəzetində yayımlanmış “Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları «istehsal» ediblər?” başlıqlı yazıda iddiaçıların adları çəkilməklə guya onların qanunsuz əməllər törətməsi barədə məlumatlar fakt kimi təqdim edilmişdir… Və yazıda “Azər-Tikinti” şirkətinin İdarə Heyətinin sədri Mətin Əmiraslanov barəsində isə onun 170 kv.m və 226 kv.m sahələri qanunsuz olaraq üçüncü şəxslərə satdığı, əmlakları özbaşına özgəninkiləşdirdiyi barədə məlumat yayılmışdır.
Eyni yazıda sabiq deputat Əsabil Qasımovun 481 kv.m əmlakı “mənimsədiyi”, mülkiyyətçinin əmlak hüquqlarını “ələ keçirdiyi” iddia edilmişdir.
Daha sonra yazıda iddiaçı Ramilə Bağırovanın adı çəkilərək onun mülkiyyətçiləri aldatdığı, müxtəlif vədlər verdiyi və sonradan həmin vədləri yerinə yetirmədiyi barədə məlumatlar yayılmışdır.

Məsələ ondadır ki, iddiaçıların özləri və vəkilləri, xüsusən də sabiq millət vəkili Əsabil Qasımov özü necə olub ki, ərizənin elementar məhkəmə aidiyyəti məsələsindən xəbərsiz olublar? Axı, mövcud qanunvericiliyə görə, tərəflərdən(iddiaçı və ya cavabdeh) biri hüquqi şəxs olarsa, artıq bu mülki iddialara birinci instansiya məhkəməsində deyil, Kommersiya məhkəməsində baxılmalıdır. Elə bu səbəbdən də bu gün Yasamal rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarıldı(hakim Kərim Xudayev).
***
Onu da diqqətə çatdıraq ki, iddiaçının ərizəsi absurddur və tamamilə əsassızdır. Belə ki, tezadlar.az portalında yayımlanmış, mübahisələndirilən məlumatlar adi fikir və ya subyektiv qiymətləndirmə formasında deyil, konkret hadisələrin baş verdiyi və iddiaçıların konkret hərəkətlər törətdiyi barədə fakt xarakterli məlumatlar kimi təqdim edilmiş, məqalələr mötəbər sübut kimi zərərçəkmiş iş adamı Məmmədhəsənov Naiq Əli oğlunun redaksiyaya təqdim etdiyi rəsmi sənədlər, eləcə də həmin faktları təsdiq edən məhkəmə aktları, Ekspert rəyləri, həmçinin Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəsmi arayışları əsasında hazırlanmış(məhkəməyə təqdim olunur), münasibət bildirilməsi üçün qarşı tərəfin elektron poçtuna göndərilmiş, onların mobil telefon nömrələrinə zənglər edilmişdir. Lakin qarşı tərəfdən heç bir cavab verilmədiyindən «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinə uyğun olaraq həmin məqalələr yayımlanmışdır.
Qeyd etmək istəyirəm ki, iddiaçıların Yasamal rayon Məhkəməsoinə ünvanladıqları iddia ərizəsi qanunvericiliyin tələblərinə ziddir, həqiqəti əks etdirmir və tamamilə yalan məlumatlardan ibarətdir. Çünki mətubat orqanlarında yayımlanmış məlumatlar hüquqi yollarla təsdiqini tapmışdır. Belə ki, redaksiyaya təqdim edilmiş rəsmi sənədlərdən(bir daha xatırladıram ki, bunlar məhkəmə aktları, Ekspert rəyləri, həmçinin Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəsmi arayışlarından və s. ibarətdir) “Azəri-Tikinti” MTK idarə heyətinin sədri Mətin Əmiraslanovun imzası ilə dövlət qurumlarına saxta sənədlər, saxta məktublar göndərilmiş, icra olunmamış öhdəliklər tam icra edilmiş kimi göstərilmiş, Dövlət qurumlarını aldatmağa cəhd edilmişdir. Həmin sənədlərin məzmunu əsasən Bağırova Ramilə Ramiz qızı tərəfindən hazırlanmışdır. Eyni zamanda, 170 kv.metrlik mənzilə dair hüququn verilməsi zamanı faktiki ödənişlə bağlı 1.055000 manatlıq ödənişə dair etibarnamə olmadığı halda, əmlak hüquqlarının əldə edilməsinə dair razılaşma bağlamaq səlahiyyətinin olub-olmaması, notariat ərizəsində isə başqa şəxsin adının yerləşdirilməsi, bundan əlavə 85 kv.metr ölçüsündəki əmlak üzrə təsdiq edilmiş saxta sənədin və imzanın mövcud olması, əmlakların və satış gəlirlərinin taleyinin müəyyən olunmaması Mətin Əmiraslanovun qanunsuz və cinayət xarakterli əməllərə yol verməsini deməyə tamamilə əsas verir.
Qeyd olunanları aşağıdakı sübut əhəmiyyətli faktlarla təsdiq etmək mümkündür:
1.Müqavilə və mülkiyyət predmetləri üzrə:
-21.12.2018-ci il tarixli razılaşma müqaviləsinə (notarial təsdiq olunmuş) dair heç bir şərt icra olunmamışdır. Eyni zamanda, o, hüquqi əsası olmadan həmin müqavilənin onda olan nüsxəsinə 054 rəqəmini əlavə edərək məhkəmə proseslərinə təqdim etmişdir. Halbuki, notarius tərəfindən şikayətçi iş adamı Məmmədhəsənov Naiq Əli oğluna təqdim edilmiş həmin müqavilənin başlığında yalnız “Razılaşma müqaviləsi” sözləri yazılmışdır(Məhkəməyə təqdim edilir). M.Əmiraslanov sonrakı rəsmi yazışmalarda isə qəsdən “054” saylı razılaşma müqaviləsi olaraq adlandırılması notariusun təsdiq etdiyi müqaviləni öz istəyi ilə saxtalaşdırmasını sübut edir.
– Zərərçəkmiş-şikayətçi Məmmədhəsənov Naiq Əli oğlunun həyat yoldaşına məxsus 85 kv.metr qeyri-yaşayış sahəsinə dair Mətin Əmiraslanovun heç bir mülkiyyət hüququ olmadığı halda, onun təşkilatçılığı və rəhbərliyi ilə “Azəri-Tikinti” MTK və Əhmədova Könül Cabbar qızı (keçmiş deputat Əsabil Qasımovun qohumu) arasında sözügedən mənzilin sökülməsi barədə müqavilə imzalanmışdır. Bu müqavilənin heç bir hüquqi əsası yoxdur(Məhkəməyə təqdim olunur), çünki sözügedən mənzilin MTK-ya satılması ilə bağlı tərəflərin arasında hər hansı yazılı razılaşma müqaviləsi olmamışdır. Bu səbəbdən Könül Əhmədovanın həmin müqaviləni imzalamağa subyektiv hüququ mövcud olmamışdır. Buna baxmayaraq, “Azəri-Tikinti” MTK-nın Könül Əhmədova ilə birlikdə müqaviləni imzalamaq statusu olmayan, heç bir hüququ -səlahiyyəti təsdiqlənməyən Kənan Xəlilovun özbaşınalığı və göstərişi ilə həmin qeyri-yaşayış sahəsi qanunsuz olaraq sökülmüşdür.
Redaksiyada olan rəsmi sənədlər toplusundan bəlli olur ki, qeyd olunanları əsas götürərək şikayətçi Məmmədhəsənov Naiq Əli oğlu tərəfindən Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verilmiş, iddia təmin edilmiş və məhkəmənin qətnaməsi ilə(məhkəməyə təqdim olunur) MTK-dan sökülmüş həmin qeyri-yaşayış obyektinin dəyəri qismində 394.342 min manat məbləğində pul vəsaitinin tutularaq Məmmədhəsənov Naiq Əli oğlunun həyat yoldaşının xeyrinə ödənilməsi qət edilmişdir.
Bundan sonra “Azəri-tikinti” MTK tərəfindən verilmiş apellyasiya şikayəti nəticəsində Bakı Apellyasiya Məhkəməsi Könül Əhmədovanın adından təqdim olunan qanunsuz mülahizələri, saxta təklifləri və ərizələri əsas götürərək Nəsimi rayon Məhkəməsinin qərarını kirayə haqlarının ödənilməsi qismi istisna olaraq, MTK-nın xeyrinə əsassız olaraq ləğv etmişdir. Həmin qərardan kassasiya şikayəti verilmişdir.
Bununla belə, məlum olur ki, Könül Əhmədovanın adından sübut qismində təqdim edilmiş sənədlərdəki imzaların heç birisi ona məxsus deyildir, saxtatdır. Belə ki, qeyd olunanlarla bağlı DİN-nin Nəsimi RPİ-nin İstintaq şöbəsində Məmmədhəsənov Naiq Əli oğlunun müraciəti əsasında istintaqı davam etdirilən 260070465 saylı (AR CM-in 186.3-cü, 320.1-ci və 320.2-ci maddələri üzrə) cinayət işi ilə əlaqədar müstəntiqin sorğusu əsasında xətşünaslıq ekspertizası keçirilmiş, nəticədə faktlar təsdqini tapmışdır(rəsmi arayışlar məhkəməyə təqdim edilir). Belə ki, Könül Əhmədovanın adından Məmmədhəsənov Naiq Əli oğlunun həyat yoldaşına ünvanlanmış 29.06.2022-ci il tarixli “Təklif” adlanan sənəd ekspertizaya təqdim edilmişdir. Həmin sənəd üzrə “Ekspertiza Tədqiqatları Mərkəzi” MMC-nin 29.04.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunan sənəddəki imzanın Könül Əhmədova tərəfindən deyil, başqa şəxs tərəsindən imzalanması sübut edilmişdir.
Qeyd olunanlarla yanaşı, ləğv prosesində olan “KredoBank” ASC-nin ləğvedicis olan Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında Məmmədhəsənov Naiq Əli oğlunun və onun həyat yoldaşımın mülkiyyətində olan və 21.12.2018-ci il tarixli məlum razılaşma müqaviləsinin predmeti olan Nəsimi rayonu, Azadlıq prospektindəki 2(iki) mənzil və bir qeyri-yaşayış sahəsinin girovda olmasına baxmayaraq, Mətin Əmiraslanov tərəfindən qanunsuz olaraq yazılmış 23.12.2023-cü il tarixli cavab məktubunda həmin mənzil və qeyri-yaşayış sahəsinin guya girovdan azad edilərək “Azəri-tikinti” MTK tərəfindən kompensasiya qarşılığında söküldüyü bildirmişdir. Həmin saxta məktuba görə, guya MTK tərəfindən Məmmədhəsənov Naiq Əli oğlunun həyat yoldaşına 170 kv.m. qeyri-yaşayış, Məmmədhəsənov Naiq Əli oğluna isə 226 kv.m.-lik 2(iki) mənzil təhvil verilmişdir. Lakin bu da həqiqəti əks etdirmir, yalandır, rəsmi qurumları bilərəkdən aldatmadır. Mətin Əmiraslanov nəinki mülkiyyətçiləri, yəni Məmmədhəsənov Naiq Əli oğlu və onun həyat yoldaşını, eləcə də dövlət qurumunu da aldatmış və yalan və saxta məlumatlar təqdim etmişdir. Lakin M.Əmiraslanovun Məmmədhəsənov Naiq Əli oğlu və onun həyat yoldaşının ünvanına göndərdiyi pretenziya məktubları qeyd olunanları tamamilə təkzib edir.

Həmin məktublarda M.Əmiraslanov Məmmədhəsənov Naiq Əli oğlu və həyat yoldaşının guya 21.12.2018-ci il tarixli razılaşma müqaviləsinin 2.1-ci bəndinin tələblərini pozduqlarını və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərini bildirmişdir. M.Əmiraslanov iddia etmişdir ki, guya həmin müqaviləyə əsasən, onlar sözügedən əmlakları 20.01.2019-cu il tarixədək MTK-nın faktiki sahibliyinə, 10.03.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən və girovdan azad şəkildə MTK-ya təhvil verməyi öhdəsinə götürsələr də, buna riayət etməmişlər. M.Əmiraslanov bunlara istinad edərək guya razılaşma müqaviləsinin şərtlərini pozduqlarına görə həmin müqavilənin ləğv edilməsi və tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə xitam verilməsinə dair 13.02.2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. M.Əmiraslanovun qanunsuz fəaliyyətini sübut edən digər bir misal isə ondan ibarətdir ki, Nəsimi rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 14.08.2024-cü il tarixli cavab məktubunda MTK-nın sədri qismində çıxış edən M.Əmiraslanov yenə də guya 2(iki) mənzil və bir qeyri-yaşayış sahəsinin müqabilində Məmmədhəsənov Naiq Əli oğluna və həyat yoldaşına kompensasiya qismində yuxarıda qeyd olunan ölçülərdə mülklərin verildiyini yalandan qeyd etmişdir. Hətta o, daha da irəli gedərək həmin əmlaklara dair dəqiq ünvanlar da göstərmişdir.
Qeyd olunanlarla yanaşı, redaksiyaya təqdim edilmiş rəsmi sənəd və sübutlarla təsdiq edilir ki, Mətin Əmiraslanovun sənədləşmə işlərini, o cümlədən ərizələrini, məhkəməyə və digər qurumlara ünvanlanan sənədlərin mətnlərini iddiaçı Ramilə Bağırova tərəfindən tərtib edilir, sonra M.Əmiraslanov imzalayır. Ramilə Bağırova, həmçinin məhkəmədə MTN-nın nümayəndəsi qismində də çıxış edir. Onun məhkəmədəki çıxışlarından görünür ki, R. Bağırova M.Əmiraslanovun Məmmədhəsənov Naiq Əli oğlu və həyat yoldaşı ilə bağlı bütün qanunsuz proseslərin iştirakçısıdır. Bunu məhkəmə iclas protokollarında əks olunmuş məqamları misal olaraq göstərmək olar. Belə ki, Nəsimi rayon Məhkəməsində keçirilmiş iclasların protokolunda nümayəndə qismində iştirak edən R.Bağırova ilk olaraq MTK tərəfindən öhdəliklərin icra olunduğunu, razılaşma müqaviləsinə əsasən Məmmədhəsənov Naiq Əli oğlu və həyat yoldaşının ona 3 ay ərzində müvafiq sənədləri təqdim etməli olduqlarını, lakin təqdim edilmədiyini bildirmiş və guya əmlaklar girovda olmasından xəbərsiz olduğunu iddia etmişdir. Və guya Məmmədhəsənov Naiq Əli oğlu və həyat yoldaşı MTK-ya köhnə sənədlər təqdim edərək onları aldatmışlar. Lakin o, davamında bildirmişdir ki, MTK tərəfindən dəfələrlə kompensasiya qismində ayrılmış əmlakların təhil verilməsi üçün onlara zənglər edildiyini, bu haqda aktlar tərtib olunduğunu, lakin qarşı tərəfin(mülkiyyətçilərin) əmlakları təhvil almadığını söyləmişdir. O, həmçinin guya 2022-ci ildə mülkiyyətçilərin ünvanına əmlakları təhvil almağa dəvət edilmələri ilə bağlı bildirişlərin göndərildiyini, lakin geri qaytarıldığını da iddia etmişdir. R.Bağırovanın çıxışından görünür ki, onun bir sözü digər sözünü təkzib edir və saxta məlumatlardan ibarətdir.
Yekunda qeyd etmək istəyirəm ki, “Azəri-tikinti” MTK və onun idarə heyətinin sədri Mətin Əmiraslanovun, eləcə də Ramilə Bağırovanın yuxarıda sadalanan qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi üçün zərərçəkmiş Məmmədhəsənov Naiq Əli oğlunun şikayət ərizəsi əsasında hazırda Baş Prokurorluğun təqdimatı əsasında DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində fakt əsasında cinayət işi açılmış, hazırda istintaq prosesi davam etdirilir…
İndi siz deyin, bu qədər maddi sübutlar və qanunsuz əməllər ola-ola, necə ola bilər ki, mediada bu barədə yayılan məlumat qarşı tərəfin- subyektin şərəf və ləyaqətini ləkələmiş olur??? Ortadakı cinayət işi üzrə davam edən istintaq hərəkətləri barədə isə daha ətraflı bəhs olunacaq!


























