2 ay əvvəl böyük dələduzluq əməli ifşa olunandan sonra ölkədən qaçan Kazım Abbasov – “David Seliverstov”un məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi haqda qərar yayılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə çıxarılan həmin qərar Azərbaycan hüquq sistemində “hüquqi nihilizm” anlayışına yeni, daha parlaq bir məna qazandırır. Cinayətkar aləmin qanunları ilə yaşayan, cəmiyyət üçün potensial təhlükə mənbəyi olan ağır cinayətkarların necə “mələkə” çevrildiyini görmək istəyirsinizsə, qərar adlanan bu absurdluq abidəsinə baxmaq kifayətdir.
Məhkəmə qətnaməsinin arxiv səhifələrini vərəqlədikcə adamın heyrətdən yaxa tutmaması mümkün deyil. Maraqlıdır ki, həmin qərarda Kazım Elşən oğlu Abbasovun zəngin residivist keçmişi, onun “qəhrəmanlıq” dosyesi də yer alır. Sadə vətəndaşların taleyi ilə oynayan, cəmiyyətə qarşı ağır cinayətlər törədən biri olması görünür.
Bilməyənlər üçün yada salaq:
– 26 mart 1988-ci il təvəllüdlü Kazım Elşən oğlu Abbasov 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayətə görə məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və yenə də məhkum olunub!
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 yanvar 2016-cı il tarixli hökmü ilə bu şəxs Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – özü də külli miqdarda ziyan vurmaqla), 234.4.1, 234.4.3 (külli miqdarda narkotik vasitələrin satışı) və 305-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Normal şərtlərdə həmin şəxsin məhkumluğu 2028-ci ildə başa çatmalı idi. Sənədlərdə də məhkumluğun bitmə tarixi kimi 2028-ci ilin sentyabrı göstərilsə də, hakim Solmaz Mustafayevanın qərarı ilə bu müddət necə olubsa, 3 ilə yaxın tez – 2025-ci ilin iyun ayında vaxtından əvvəl götürülüb. Belə bir təhlükəli residivistin cəmiyyət arasında gəzməsi özlüyündə böyük sual altında ikən, hakim Solmaz Mustafayeva guya “hüquq normalarına” istinad edərək onun üzərindəki məhkumluğun vaxtından əvvəl götürülməsinə “yaşıl işıq” yandırıb. Hakim prokurorun etirazlarına da əhəmiyyət verməyib!
Qərarı oxuyarkən hakimin gətirdiyi “hüquqi əsaslandırmalar” qarşısında hüquq elmi demək olar ki, mat qalır. Hansı maddi hüquq normasından, hansı məntiqdən danışmaq olar ki, illərlə dələduzluqla və qanunsuz əməllərlə məşğul olmuş bir şəxsin “nümunəvi ailə başçısı” olması nağılına inanılsın? Kazım Abbasovun ömrünün az qala yarısı həbsdə keçibsə, nümunəvi olması bir tərəfə, ümumiyyətlə ailə başçısı olması da ayrıca bir sual doğurur.
Hakim Solmaz Mustafayeva guya Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarını və Cinayət Məcəlləsinin maddələrini əsas gətirərək, cinayətkarın guya anasının xatirəsini ucaltmaq üçün soyadını dəyişdirmək istədiyini, cəmiyyətə inteqrasiya olunduğunu yazır. Təsadüfi həbsə düşmüş, səhvən məhkəmə qarşısında dayanmış hər hansı bir vətəndaşa belə verilməyən güzəştlər və humanistlik, nə əcəbsə, məhz bu cür ağır cinayətlərdə ad çıxarmış şəxsə şamil edilir. Residivistin əməlləri unudulur, törətdiyi dələduzluq faktları heç olmayıbmış kimi ona hüquqi “təmizlik kağızı” verilir.
Hakim həmin qərarı verərkən Kazım Abbasov “köhnə peşəsi”nə qayıtmışdı. Həbsdə olan general Məmmədovun qardaşından “beynəlxalq hüquq müdafiəçisi” adı altında, yəhudi kimliyini imitasiya etməklə bir ətək pul alıb “atmışdı”.
Bitdimi? Əsla! Qətnamənin ən “gülməli” və eyni zamanda acınacaqlı məqamlarından biri də vəkilə ödənilən vəsaitlərlə bağlıdır. Məhkəmə prosesində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi bəhanəsi ilə dövlət büdcəsindən – yəni hər birimizin cibindən çıxan vergilər hesabına vəkilə minlərlə manat əmək haqqının köçürülməsi qərara alınır. Dövlət bir tərəfdən bu cür ünsürlərin törətdiyi cinayətlərin fəsadları ilə mübarizə aparır, digər tərəfdən isə Nəsimi Rayon Məhkəməsinin hakimi dövlət büdcəsi hesabına onlara “vəkil komfortu” yaradır.
Ötən ilin iyulunda hakim Solmaz Mustafayevanın sədrliyi ilə çıxarılan bu qərar ədalət mühakiməsinin adına yamaqdır. Faktiki olaraq hüquq-mühafizə sisteminin illərlə gördüyü işi bir qələm hərəkəti ilə heçə endirməkdən başqa bir iş deyil. Dəfələrlə cinayət törətmiş, dələduzluqda ittiham olunmuş və illərlə məhbəs həyatı yaşamış bir şəxsin bu cür asanlıqla “ağ”a çıxarılması cəmiyyətdə hüquqa olan inamı sarsıdır.
Ümid edirik ki, Məhkəmə Hüquq Şurası bu məsələnin araşdırılması ilə bağlı müvafiq göstərişlər verəcək və bu biabırçı qətnamənin sətirləri arxasındakı həqiqətlər üzə çıxarılacaq.


























