İyunun 1-də Rusiya tərəfinin xahişi ilə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.
Söhbət zamanı Marko Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqları davam etdirmək çağırışını təkrarlayıb.
Rusiya Xarici İşlər Nazirliyi də telefon danışığı ilə bağlı açıqlama verərək, Ukrayna böhranının müzakirə edildiyini qeyd edib.
“ABŞ dövlət katibi M. Rubio iyunun 1-də Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunun partlaması nəticəsində mülki vətəndaşların tələfatına görə səmimi başsağlığı verib”, – Rusiya XİN-dən bildiriblər.Lavrov qeyd edib ki, Rusiya tərəfi hərtərəfli araşdırma aparır və buna görə məsuliyyət daşıyanlar mütləq cavab verəcəklər. Lavrov və Rubio həmçinin “Ukrayna böhranının siyasi həlli ilə bağlı müxtəlif təşəbbüslər, o cümlədən iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası planları” barədə fikir mübadiləsi aparıblar.
Rusiya nümayəndə heyəti birbaşa Rusiya-Ukrayna danışıqlarının ikinci raundunda iştirak etmək üçün iyunun 1-də İstanbula yola düşüb.
İyunun 1-nə keçən gecə Bryansk və Kursk vilayətlərində körpülərin uçması nəticəsində qatarlar relsdən çıxıb. Bryansk vilayətində sərnişin qatarının bir neçə vaqonu dağılıb, 7 nəfər ölüb, daha 66 nəfər yaralanıb.
Kursk vilayətində üzərində yük qatarının getdiyi körpü uçub. Sürücü və onun iki köməkçisi xəsarət alıb.