Rusiya qoşunları gecə saatlarında 502 pilotsuz təyyarə, 15 Kalibr raketi və 8 Kh-101 qanadlı raketdən istifadə edərək Ukraynaya kütləvi hücuma keçib. Vətəninfo.az xəbər verir ki , bu barədə BBC Rus Xidməti məlumat yayıb.
Kirovoqrad vilayətində dəmir yolu şirkətinin 4 əməkdaşı xəsarət alıb. Qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. 17 yaşayış binasına ziyan dəyib, onlardan biri dağılıb.
Kiyev vilayətində vurulan hədəfin dağıntıları yanğına səbəb olub, avtomobillərə və şüşələrə ziyan vurub.
Çerniqov vilayətində, yerli hakimiyyət orqanlarına görə, dronlar “kritik infrastruktur obyektini” vurub. 30 min ev işıqsız qalıb.
Xmelnitski, Lvov, İvano-Frankivsk və Lutsk vilayətlərində də pilotsuz təyyarələrin zərbələri nəticəsində dəyən ziyan qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi öz növbəsində Rostov, Bryansk, Krasnodar, Kaluqa, Smolensk vilayətlərində, Qara və Azov dənizlərində, həmçinin Krımda 105 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu bildirib.