Rusiya ordusu noyabrın 16-da səhər saatlarında Ukraynanın Dnepr şəhərinə iki dəfə hücum edib. Nəticədə bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, ilk hücum nəticəsində şəhərdəki bir neçə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Partlayış dalğası binaların pəncərələrini sındırıb, eyvanlarını dağıdıb. İlk məlumatda 44 yaşlı qadının yaralandığı və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Saat 08:20 radələrində şəhərə növbəti hücum qeydə alınıb. Qanja bu hücum nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını açıqlayıb. Hadisə yerində avtomobillərin yandığı, xilasedici və digər müvafiq xidmətlərin işlədiyi bildirilib.
Son məlumatlara görə, hücumlar nəticəsində yaralananların sayı 10-a çatıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılardan 26 və 47 yaşlı iki kişinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisə yerində xilasetmə və qəza-bərpa işləri davam etdirilir.


























