Ukraynanın Krivoy Roq şəhərində partlayış baş verib, buna səbəb çox güman ki, Rusiyaya məxsus raketin zərbəsi olub. Vətəninfo.az-ın məlumatına görə, Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul öz Teleqram kanalında bildirib ki, raket hücumu səhər saat 05:30 radələrində baş verib.
“20-dən çox fərdi yaşayış evi və enerji infrastrukturuna ziyan dəyib. 1953-cü il təvəllüdlü kişi yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilməkdən imtina edib, üzündə cızıqlar var, yerindəcə müalicə olunub”, – deyə yazıb və əlavə edib ki, bir neçə xəstəxana generatordan istifadəyə keçib, lakin sonradan elektrik enerjisi bərpa olunub.
Gecə saatlarında Zaporojyada da partlayış səsləri eşidilib. Müxtəlif kütləvi informasiya vasitələri və yerli hakimiyyət orqanlarının məlumatına görə, kamikadze pilotsuz uçan aparatlardan şəhər və onun ətraf ərazilərinə atəş açılıb. Sakinləri sığınmağa çağırıblar.
BBC-nin rus xidməti Rusiya və Ukrayna tərəflərinin mesajlarına istinadən xəbər verir ki, cəbhə xəttində vəziyyət ciddi dəyişikliklərə məruz qalmayıb.
Öz növbəsində, ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu öz müntəzəm bülleten-təhlillərində Ukrayna tərəfinin cənubda, Rabotino kəndi yaxınlığında taktiki uğur əldə etdiyini bildirib. Analitiklərin fikrincə, Ukrayna hərbçiləri Rabotinonun mərkəzi hissəsinə çatıb, həmçinin bir neçə yerdə Rusiya müdafiəsini yarıb.
Rusiya Müdafiə Nazirliyi axşam bülletenində son sutka ərzində Kupyansk istiqamətində ön cəbhədə mövqeləri yaxşılaşdırmaq mümkün olduğunu elan etdi.