Rusiya rəsmiləri gecə saatlarında bir neçə bölgənin Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qaldığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Lipetsk qubernatoru İqor Artamonov bildirib ki, PUA-ların kütləvi hücumu nəticəsində bölgədə 9 yaralı var. Partlayışların nəticələrinin aradan qaldırılması üçün Lipetsk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qubernator məlumat verib ki, enerji infrastrukturu obyekti zədələnib, enerji təchizatında nasazlıqlar qeydə alınıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi də öz növbəsində Lipetsk vilayətinin hərbi hava limanında baş verən yanğınla bağlı məlumat verib. Aeroport əhalinin əvvəllər köçürüldüyü yaşayış məntəqələrinin yaxınlığında yerləşir. Qubernator Artamonovun sözlərinə görə, sakinlərin təhlükəsizliyini təmin etmək üçün Koptsevi Xutora, Fedorovka, Yakovlevka, Tinkovka qəsəbələrindən təxliyə həyata keçirilib.
Bölgənin bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib, Lipetsk şəhəri və Lipetsk vilayətində sərnişin nəqliyyatının hərəkəti dayandırılıb. Əyalətdə bütün kütləvi tədbirlər ləğv edilib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, gecə Lipetsk vilayətinin səmasında 19 PUA, Rusiya ərazisində isə ümumilikdə 75 PUA vurulub.
Belqorod bölgəsi də kütləvi hücumlara məruz qalıb, 29 PUA vurulub. Yaşayış evlərinə, avtomobillərə ziyan dəyib, yaşayış binasının bir neçə mənzilində yanğın baş verib. Avqustun 6-dan sərhəddən sızan Ukrayna qüvvələrinə qarşı döyüşlərin getdiyi Kursk bölgəsi də raket və PUA-ların hücumuna məruz qalıb. Kursk qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, gecə saatlarında bölgənin səmasında 4 raket və 4 təyyarə tipli PUA vurulub. Bundan əlavə, Bryansk, Voronej və Orlov vilayətlərində, Qara dəniz səmalarında və Krımda PUA-lar da vurulub.