Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Qərb ölkələrindən olan 50-yə yaxın hərbi təlimçini “İsgəndər-M” tipli ballistik raket ilə zərərsizləşdirdiklərini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, nazirlikdən hücumla bağlı verilən açıqlamada bu ifadələrə yer verilib: “İsgəndər-M” taktiki-raket kompleksinin hərbi bölməsi Qərb ölkələrindən olan təlimçilərin və muzdluların yerləşdiyi müvəqqəti yerləşdirilmə məntəqəsinə raket zərbələri endirib. Hücum nəticəsində 50-yə yaxın xarici təlimatçı həlak olub”.
Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev Ukrayna Silahlı Qüvvələrinin Qafqaz limanındakı bərəyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.
Rəsmi internet səhifəsində paylaşım edən Veniamin Kondratyev hücum nəticəsində baş verən yanğının yayılma təhlükəsinin olmadığını və hücum zamanı ekipaj və liman işçiləri arasında ölən və yaralananların olduğunu qeyd edib.
TASS xəbər agentliyinin Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli rəsmilərə istinadən yaydığı xəbərdə hücum nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki nəfərin Belqorod vilayətində məscidi yandırmağa hazırlaşmaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.
FSB-nin mətbuat xidmətindən verilən açıqlamada Mariupolda yaşayan 1986 və 1993-cü il təvəllüdlü iki nəfərin Ukrayna kəşfiyyatının göstərişi ilə buna cəhd etdikləri iddia edilib. Açıqlamada bu şəxslərin aldıqları göstəriş çərçivəsində Belqoroda gedərək oradakı məscidi yandıracaqları ifadə edilib.