Rusiya ordusunun Ukraynanın Odessa limanına raket hücumu nəticəsində bir nəfər ölüb.
Vətəninfo.az xəbər verir ki, Ukraynanın Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper rəsmi ”Telegram” kanalında etdiyi paylaşımda Rusiya ordusunun gecə saatlarında Oddessa limanına raket hücumu təşkil etdiyini açıqlayıb.
Kiper bəyan edib ki, raketin Palau bayrağı altında üzən gəmiyə düşməsi nəticəsində limanda işləyən Ukrayna vətəndaşı həyatını itirib, 5 əcnəbi ekipaj üzvü yaralanıb.
Xarkov meri İqor Terexov da öz ”Telegram” kanalında bildirib ki, Rusiya ordusu şəhərə raket zərbəsi endirib.
Hücumda 16 nəfərin yaralandığını deyən İqor Terexov dağıntılar altında insanların olduğunu bildirib.
Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov verdiyi açıqlamada Rusiya ordusunun Zaporojyaya endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin yaralandığını qeyd edib.
Ukraynanın Sumi Rayon Prokurorluğunun ”Telegram” kanalında edilən paylaşımda Rusiya ordusunun bölgədə həyata keçirdiyi hücumda 38 yaşlı kişi və 35 yaşlı qadının həyatını itirdiyi vurğulanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin ”Telegram” kanalında verilən açıqlamada Rusiya ordusunun iki ədəd “İskəndər-M” tipli ballistik raketlə Odessaya hücum etdiyi bildirilib.
Açıqlamada rusların həmçinin Ukraynanın müxtəlif bölgələrinə ümumilikdə 19 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi və bunlardan 18-nin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi, birinin isə Rusiyaya geri qayıtdığı qeyd edilib.
Ukrayna prezidenti Volodimir Zelenski rəsmi ”X” internet səhifəsində paylaşım edərək Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tərəfdaşlardan dəstək istəyib.
Volodimir Zelenski Rusiya hücumlarının qarşısını almaq üçün ölkəsinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.