Rusiya ordusu Ukraynanın Odessa şəhərinə kütləvi pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində yaşayış binaları, otel və şəhər infrastrukturuna ciddi ziyan dəyib, yaralananlar arasında uşaqlar da var.
Vətəninfo.az xəbər verir ki, aprelin 27-nə keçən gecə baş verən hücum nəticəsində azı 11 nəfər xəsarət alıb. Yaralılar arasında 10 yaşlı qız və 1 yaşlı körpə də var. Digər yaralıların 27-63 yaş aralığında kişilər və 26-50 yaş aralığında qadınlar olduğu bildirilir. Faktla bağlı müharibə cinayətləri maddəsi ilə cinayət işi açılıb.
Rəsmi açıqlamalarda qeyd olunub ki, şəhər üçün gecə son dərəcə ağır keçib. Hücumlar əsasən yaşayış məntəqələrini və mülki infrastrukturu hədəf alıb.
Ən böyük dağıntılar şəhərin Primorski rayonunda qeydə alınıb. Burada yaşayış binaları, otel və şəhər mərkəzində yerləşən obyektlər zərər görüb. Yaralıların əksəriyyəti də məhz bu ərazidə qeydə alınıb.
Bundan əlavə, Odessanın Xacıbəy və Kiyev rayonları da hücuma məruz qalıb. Bu ərazilərdə yaşayış evlərinə, fərdi tikililərə və nəqliyyat vasitələrinə ziyan dəyib.


























