Rusiya qoşunlarının Ukraynanın bir sıra şəhər və bölgələrinə hücumları nəticəsində uşaqlar da daxil olmaqla azı 18 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumlar əsasən Kiyev, Odessa və Zaporojye bölgələrində qeydə alınıb.
Kiyevdə gecə saat 02:00-dan sonra bir neçə partlayış baş verib. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi barədə xəbərdarlıq edib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə 12 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır. Yaralananlardan 9 nəfər xəstəxanaya yerləşdirilib.
Şəhərin Dneprovskyi rayonunda üçmərtəbəli ofis binasının fasadı və şüşələri zədələnib, yaşayış binalarının pəncərələri sınıb. Həmçinin anbarlara və yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı əraziyə ziyan dəyib.
Svyatoşynski rayonunda qeyri-yaşayış binası, Solomenski rayonunda isə anbar zədələnib.
Odessada isə 19 mərtəbəli yaşayış binasına ziyan dəyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.
Zaporojye bölgəsində də hücumlar nəticəsində yaralananların olduğu bildirilir.


























