Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Vətəninfo.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Rusiya qüvvələrinin Avdeivka bölgəsində hücumları xeyli azalsa da, şərq cəbhəsinin iki hissəsində, Kupyansk və Maryinka vilayətlərində döyüşlərin intensivliyi müşahidə olunur.
Departament qeyd edib ki, Rusiya qüvvələrinin bütün hücumları dəf edilib.
Ukrayna rəsmiləri həmçinin bildiriblər ki, Rusiya qüvvələri gecə saatlarında Zaporojya şəhərini atəşə tutub. Raket yaşayış binasına düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 3 nəfər itkin düşüb.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 28 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.
“Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları həyata keçirmək cəhdi dayandırılıb. 28 Ukrayna pilotsuz uçan aparatı Belqorod, Kursk vilayətləri səmasında və Qara dəniz akvatoriyasında hava hücumundan müdafiə sistemi vasitəsilə tutularaq məhv edilib”, – deyə agentlik bildirib.


























