Rusiya və ABŞ Ər-Riyadda danışıqlar zamanı müzakirə ediblər ki, Qərbin dünyada yeni qüvvələr balansını qəbul etməsi və münasibətləri hörmət üzərində qurmasının vaxtı çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Qərbin yeni güc balansını qəbul etməsinin və dünya ölkələrinin əksəriyyəti ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa başlamasının vaxtı çatıb. Biz bunu Ər-Riyadda amerikalı həmkarlarımızla da müzakirə etdik və əsas məqamları razılaşdırdıq: “Beynəlxalq münasibətlər hər bir ölkənin öz milli maraqlarına malik olması əsasında qurulmalıdır”, – Lavrovun sözlərini Rusiya diplomatik xidmətinin saytı sitat gətirir.
Lavrov həmçinin qeyd edib ki, bütün dünyada terrorçu qruplaşmalar Ukraynadan sızan Qərbin silah təchizatı ilə qidalanır. O, G20 tərəfdaşlarını İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü ilində nasizm, neonasizm və irqçiliyin tərənnümünə qarşı mübarizədə “vahid cəbhə” ilə dayanmağa çağırıb.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları keçirilib.
Görüşdən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bunun “pis getmədiyini” və bütün məsələlərlə bağlı ciddi söhbət getdiyini bildirib.
Danışıqlar dörd saat yarım davam edib.