Rusiyada yeni qanun qəbul ediləcək və müharibəyə qarşı çıxan şəxslər xain kimi tanınacaq. Vətəninfo.az xəbər verir ki, Rosfinmonitorinq reyestrində təkcə məhkumlar deyil, həm də təhqiqat altında olanlar, o cümlədən təqsiri hələ sübut olunmamış şübhəlilər də görünəcək. Qanun layihəsi prezident Vladimir Putinin fərmanının icrası kimi Rusiya federal hökuməti tərəfindən hazırlanıb. Layihə artıq Dövlət Dumasındadır.
Hökumət Rusiya Silahlı Qüvvələrini gözdən salanları və ya ordu haqqında yalan xəbərlər yayanları “ekstremistlər və terrorçular” reyestrinə daxil etməyi təklif edir. Bir sıra digər maddələrlə cinayət törətməkdə şübhəli bilinən və məhkum olunmuş şəxslər barəsində də eyni tədbir görüləcək. Layihədə qeyd olunur ki, siyasi, ideoloji, irqi, milli və ya dini nifrət, hər hansı sosial qrupa nifrətlə bağlı digər cinayətlər törətmiş şəxslər də reyestrə daxil edilə bilər. Qeyd olunan reyestrdə olanlara ayda 10 min rubldan çox maliyyə əməliyyatları aparmaq, bank kartlarından istifadə etmək, əmlaka sahib olmaq və miras almaq, pensiya, müavinət və təqaüd almaq qadağan ediləcək.
Bu statusa malik olanlar iş tapmaqda çətinlik çəkəcəklər, çünki əksər şirkətlər sadəcə olaraq bu statusu olan insanları işə götürməkdən çəkinəcəklər. Vəkil də çətin olacaq, çünki onun ödənişi ilə bağlı problemlər yaranacaq. Məlumdur ki, bu ilin birinci yarısında qeyd olunan reyestrdə rekord sayda – 669 nəfər qeydə alınıb. Bu, son beş ilin maksimum göstəricisidir. Ötən il reyestrə 1826 şəxs və iki təşkilat daxil edilib.


























