Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən ən iri raket-pUA hücumu diktator Vladimir Putinin müharibəni bitirmək istəmədiyini, əksinə, eskalasiyanı davam etdirməyə hazır olduğunu göstərir, – The Telegraph yazır.
Nəşr xüsusilə vurğulayıb ki, son hücum zamanı Ukrayna hökumətinin binası da zərər görüb. Məqalədə qeyd olunur ki, buna səbəb ya vurulmuş dronun qalıqları, ya da radioelektron mübarizə vasitələrinin təsiri ilə kursdan yayınan aparat ola bilərdi.
Bəzi analitiklərin fikrincə, Moskva üçün bu mərhələdə hökumət binasına zərbə endirmək məntiqi görünmür, çünki bu, ABŞ prezidentində Putinin müharibəni bitirmək istəyi ilə bağlı şübhə yarada bilər.
Nəşr xatırladır ki, əvvəllər Polşanın Kiyevdəki konsulluğuna zərbə endirildikdən sonra ABŞ prezidenti hava hücumundan müdafiə sistemləri göndərmək qərarı vermişdi – məhz eskalasiyadan ehtiyatlandığı üçün.
Digər tərəfdən, sual açıq qalır: əgər hücum həqiqətən də məqsədli olubsa, Rusiya Ukrayna dronlarının Kreml və ya digər hökumət binalarına simmetrik cavab zərbələrinə hazırdırmı?
Bəzi müşahidəçilərə görə, bu, Putinin “ölçülüb-biçilmiş, planlaşdırılmış strategiyasının bir hissəsidir”. Britaniyanın Moskvadakı və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman bildirib:
“Düşünmürəm ki, bu təsadüfdür. Daha çox siqnaldır ki, Rusiya üstünlüyə malikdir və eskalasiyanı davam etdirə bilər”.
Onun sözlərinə görə, Rusiya qüvvələri tez-tez “eskalasiya pilləkənində” yuxarı-aşağı hərəkət edir və bu, həm Ukraynanın cavab imkanlarını azaltmaq, həm də Qərbin qətiyyətini zəiflətmək məqsədi daşıyan bir strategiyadır.
The Telegraph qeyd edir ki, eskalasiya təkcə hökumət binasına zərbə ilə məhdudlaşmır. Son hava hücumu həm də müharibə başlayandan bəri ən kütləvi idi və iyundan bəri artıq yeddinci dəfə 400-dən çox drondan eyni anda istifadə olunub. Bu taktika Ukraynanın məhdud hava hücumundan müdafiə ehtiyatlarını daha da tükəndirir.
Bundan başqa, Moskva enerji infrastrukturunu da hədəfə alaraq qış mövsümündə elektrik şəbəkəsini iflic etməyə çalışır.
Nəşrin fikrincə, bu yanaşma Putinin son çıxışı ilə üst-üstə düşür. Çıxışında o, Zelenskinin legitimliyini tanımadığını və hazırkı Ukrayna hökuməti ilə sülh müqaviləsinin mümkünsüzlüyünü bəyan etmişdi.
Ukrayna isə ümid edir ki, Putinin bu bəyanatları və hücumları ABŞ prezidenti Donald Trampı inandıracaq ki, məhz Kreml rəhbəri onun sülh təşəbbüslərinin əsas maneəsidir.
Kabinet binasına zərbə: nə məlumdur
7 sentyabrda həyata keçirilən kütləvi hücum zamanı ilk dəfə Nazirlər Kabinetinin binası zərər gördü. Baş nazir Yuliya Sviridenko bildirib:
“Dam və yuxarı mərtəbələr. Xilasedicilər yanğını söndürür. Onlara təşəkkür edirəm. Binanı bərpa edəcəyik, amma itirilən həyatları qaytarmaq mümkün deyil. Düşmən hər gün ölkəmizdə insanlarımızı terror edir və öldürür”.
Aviasiya eksperti Konstantin Krivolapın sözlərinə görə, bu zərbə simvolik məna daşıyır və Ukraynanın PUA-lara qarşı hava müdafiə sisteminin köklü şəkildə dəyişdirilməsinə ehtiyac olduğunu göstərir.
Sviridenko The New York Post qəzetinə müsahibəsində bildirib ki, hökumət binasının yuxarı iki mərtəbəsində nəhəng dəliklər yaranıb, yanğın olub. Qeyd olunub ki, zərbə məhz Baş nazirin kabinetinin yerləşdiyi mərtəbəyə dəyib.