Suriya və Rusiyanın həyata keçirdiyi hava hücumları nəticəsində hökumət əleyhinə qüvvələrin nəzarətində olan İdlib şəhərində azı 25 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi hökumət əleyhinə qüvvələrin xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Suriya prezidenti Bəşər Əsəd Hələb şəhərini ələ keçirən silahlıları məğlub edəcəyinə söz verib.
Suriya dövlət mediası Əsədin sözlərini sitat gətirib: “Terrorçular yalnız güc dilini başa düşürlər və biz onları bu dildə məğlub edəcəyik”.
Suriya ordusu həmçinin son günlər hökumət əleyhinə qüvvələrin ələ keçirdiyi bir neçə şəhəri geri aldığını açıqlayıb.
İdlib Türkiyə ilə sərhəddə üsyançıların nəzarətində olan ən böyük şəhərdir və burada təxminən dörd milyon insan çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayır. Şəhər sakinləri yaşayış massivinin vurulduğunu bildiriblər. Suriya ordusu və onun müttəfiqi Rusiya hökumət əleyhinə qüvvələrin sığınacaqlarını hədəfə aldıqlarını və dinc əhaliyə zərbə endirmədiklərini bəyan ediblər.
Reuters qeyd edir ki, üsyançılar Türkiyənin dəstəklədiyi dünyəvi silahlı qruplar və ABŞ, Rusiya, Türkiyə və digər dövlətlər tərəfindən terror təşkilatı elan edilmiş “Həyat Təhrir əl-Şam” islamçı qruplaşmasının daxil olduğu koalisiyadır.
Son günlər hökumət əleyhdarı qüvvələr İdlib vilayətinin hamısına nəzarəti ələ keçirib, Hələb şəhərini işğal edərək ordunu oradan geri çəkilməyə məcbur ediblər. Suriya ordusu Hələbdəki döyüşlərdə onlarla əsgərin həlak olduğunu bildirib.
Dekabrın 1-də bir sıra rusiyalı hərbi bloqçular Moskvanın Suriyadakı Rusiya qüvvələrinin komandanı olan general Sergey Kiseli işdən çıxardığını bildiriblər.
ABŞ, Fransa, Almaniya və Britaniya birgə bəyanat yayaraq, “bütün tərəfləri eskalasiyanı azaltmağa və mülki əhalini və infrastrukturu qorumağa” çağırıblar.
Dekabrın 1-də Dəməşqə səfər edən İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Suriyada vəziyyət “mürəkkəbdir”, lakin Əsəd hökuməti qalib gələcək.