Rusiya əmək miqrantlarının axınında maraqlıdır, lakin eyni zamanda onların ölkədə qalma qaydalarına əməl etmələrinə önəm verir. Vətəninfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Biz xarici vətəndaşların statusunun Aİİ normalarına və yerli qanunvericiliyə, o cümlədən bu il yanvarın sonundakı prezidentin fərmanına uyğun olaraq vaxtında tənzimlənməsinə böyük əhəmiyyət veririk. Biz və Qırğızıstan tərəfdaşlarımız Rusiyaya işləmək üçün gələn insanların özlərini inamlı hiss etmələrini təmin etməkdə maraqlıyıq. Bu səbəbdən onların hüquqi statusunun tam şəkildə tənzimlənməsi vacibdir”, – Lavrov vurğulayıb.
Rəsmi statistikaya görə, son illərdə Rusiyada 3-3,5 milyona yaxın əmək miqrantı var ki, onların da əksəriyyəti Mərkəzi Asiya ölkələrinin: Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.
Əlavə edək ki, 2025-ci ilin yanvarında miqrantların ölkədə qalma, o cümlədən miqrasiya rejiminə riayət olunması və sənədlərin rəsmiləşdirilməsi ilə bağlı tələbləri sərtləşdirən fərman imzalanıb. 30 iyun 2025-ci il tarixindən etibarən əcnəbilər üçün Rusiya Federasiyasına vizasız rejimlə daxil olmaq üçün yeni qaydalar qüvvəyə minəcək. O cümlədən, qaydalara əsasən, əcnəbilər ölkəyə daxil olmazdan əvvəl Vahid Eyniləşdirmə Sistemində qeydiyyat prosedurundan keçməlidirlər.
Bu o deməkdir ki, onlar “ruID” mobil proqramından istifadə edərək giriş ərizəsini girişdən ən geci 72 saat əvvəl təqdim etməlidirlər. Fövqəladə hallarda, 4 saatdan gec olmayaraq.