image-reklam-veteninfo
image-1backend

Ryanair və Booking arasında yeni əməkdaşlıq: illərdir davam edən gərginlik sona çatdı

image-reklam-veteninfo

İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair və onlayn səyahət rezervasiya platforması Booking.com illərdir davam edən gizli ödənişlər və məlumat mübahisələrindən sonra yenidən əməkdaşlığa başlayıb. Vətəninfo.az xəbər verir ki, yeni razılaşmaya əsasən, Ryanair reysləri artıq Booking, Kayak, Priceline və Agoda platformalarında satışa çıxarılıb.

Ryanair-in marketinq direktoru Dara Brady bu əməkdaşlığı “müsbət xəbər” adlandırıb. Booking-in korporativ inkişaf üzrə baş vitse-prezidenti Todd Henrich isə tərəfdaşlığın müştərilərə daha çox seçim və dəyər təklif etməyə imkan verəcəyini bildirib.

Yeni saziş çərçivəsində Booking, Ryanair-in “təsdiqlənmiş OTA” (onlayn səyahət agentlikləri) siyahısına daxil edilib. Bu siyahıda artıq Expedia, TUI, Loveholidays, Lastminute və On the Beach kimi nüfuzlu platformalar da yer alır.

Ryanair-in kommunikasiya rəhbəri Marcel Meyer bildirib ki, bu əməkdaşlıq aviaşirkətin genişmiqyaslı strategiyasının bir hissəsidir. Strategiyaya əsasən, Ryanair onlayn qeydiyyat aparan agentliklərə rəsmi satış tərəfdaşı statusu verməyə başlayır. Meyer xüsusilə müştəri məlumatlarının birbaşa Ryanair-ə ötürülməsinin əhəmiyyətinə diqqət çəkib:

“Gecikmə və ya dəyişiklik hallarında sərnişinlə birbaşa əlaqə saxlamaq bizim üçün vacibdir,” – deyə o vurğulayıb.

Yeni modelə əsasən, səyahət agentliklərinə əlavə ödənişlər təklif etmək hüququ verilir, lakin bu ödənişlərin şəffaf şəkildə göstərilməsi məcburidir. Gizli ödənişlərə isə icazə verilməyəcək.

Digər tərəfdən, Ryanair Almaniyada qarşılaşdığı çətinliklərlə bağlı da açıqlama yayıb. Şirkət həddindən artıq hava limanı və hava hərəkətinə nəzarət haqları səbəbilə ölkədə fəaliyyətlərini məhdudlaşdırmalı olduğunu bildirib. Ryanair rəhbərliyi, sərnişin sayını ikiqat artırmaq və 1.000 nəfərlik yeni iş yeri yaratmaq təkliflərinin Almaniya hökuməti tərəfindən nəzərə alınmadığını iddia edir.

Şirkətin qış mövsümü üçün bəzi reysləri ixtisar edəcəyi açıqlanıb. Lakin Ryanair-in nümayəndəsi qeyd edib ki, hazırda satışda olan bütün uçuş biletləri qüvvədə qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki