Şahzadə Diananın məşhur qoyun şəkilli sviteri hərracda 1,14 milyon dollara alınıb.
Vətəninfo.az xəbər verir ki, Şahzadə Diananın ağ qoyunlar arasında tək bir qara qoyunun yer aldığı məşhur sviteri 31 avqustda ABŞ-ın Nyu York şəhərindəki “Sotheby’s” Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış təxmini ilə hərraca çıxarılaraq 1,14 milyon dollara satılıb.
Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.
2023-cü ilin mart ayında çardaqda tapılan sviter son illərdə hərracda satılan Şahzadə Diana ilə bağlı bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.
Şahzadə Diana bu simvolik sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənmədən bir neçə həftə əvvəl polo matçında geyinmişdi.
Sviterin dizaynı Diananın Britaniya kral ailəsindəki yerinin simvolu kimi təsvir edilib.
1996-cı ildə İngiltərənin hazırkı kralı III Çarlzdan boşanan şahzadə Diana növbəti il 36 yaşında Fransanın paytaxtı Parisdə yol qəzasında dünyasını dəyişib.