Yolumuz Türkiyəyədir…
Turizmin əfsanəyə çevrildiyi, dünyanın müxtəlif guşələrindən milyonlarla insanın üz tutduğu bu ölkədə hər şəhərin, hər küçənin, hətta hər daşın öz hekayəsi var. Türkiyəni həm də hələ tam kəşf edilməmiş bir xəzinəyə bənzətmək olar. Burada tarixlə əfsanə, qədimliklə müasirlik bir-birinə qarışır.
Bu dəfə yolumuz “peyğəmbərlər şəhəri” kimi tanınan Şanlıurfaya düşdü. Səfərimizin əsas məqsədi Türkiyədə keçirilən TEKNOFEST festivalında iştirak etmək idi. Bu möhtəşəm tədbirin miqyası və təşkilatçılığı ayrıca bir yazının mövzusudur. Ancaq Şanlıurfaya gəlib bu qədim şəhərin tarixini, inanclarını və əfsanələrini araşdırmamaq mümkün deyil.
Şanlıurfa Türkiyənin ən mistik şəhərlərindən biri olmaqla yanaşı, mühüm inanc turizmi mərkəzlərindən də biridir. Şəhər geniş yayılmış inanclara görə Hz. İbrahimlə əlaqələndirilir. Onun Şanlıurfada doğulduğu və həyatının mühüm dövrünü burada keçirdiyi barədə rəvayətlər nəsildən-nəslə ötürülür.
Bu məlumatların bir çoxu tarixi mənbələrlə dəqiq təsdiqlənməsə də, milyonlarla insan Şanlıurfadakı bir sıra məkanları Hz. İbrahimin həyat hekayəsi ilə əlaqələndirir və həmin yerləri müqəddəs məkan kimi ziyarət edir.
Şəhərin cənub-qərbində yerləşən Balıqlıgöl də bu müqəddəs məkanların ən məşhurlarındandır.
Aynzəlicha və Halilür-Rəhman göllərindən ibarət Balıqlıgöl Şanlıurfaya gələn turistlərin ilk üz tutduğu ünvanlardan biridir.
Gölün ətrafına yaxınlaşdıqca burada tarixin və əfsanənin necə iç-içə keçdiyini hiss etmək mümkündür. Suyun üzərində sakitcə üzən balıqlar isə məkanın ən diqqətçəkən xüsusiyyətlərindəndir.
Balıqlıgölün yaranması ilə bağlı əsrlərdir dilləndirilən əfsanə Hz. İbrahimin həyatına dair rəvayətlərin ən məşhurlarındandır.
Gəlin, bu əfsanənin izinə birlikdə düşək…
Rəvayətə görə, Hz. İbrahimin yaşadığı dövrdə Şanlıurfa və ətrafına zalımlığı ilə tanınan hökmdar Nemrut hakimlik edirdi. Rəvayətlərdə onun özünü tanrı elan etdiyi və xalqı bütlərə sitayiş etməyə məcbur etdiyi bildirilir.
Günlərin birində Nemrut yuxuda hakimiyyətini sarsıdacaq bir hadisə görür. Kahinlər yuxunu belə yozurlar: həmin il dünyaya gələcək oğlan uşaqlarından biri Nemrutu məğlub edəcək, onun bütlərini məhv edəcək və hakimiyyətinə son qoyacaq.
Bundan qorxuya düşən Nemrut həmin il doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir.
Rəvayətə görə, Nemrutun bu qərarından xəbər tutan əsgərlərindən biri – Azər – hamilə həyat yoldaşı Nuna xatunu gizlicə mağaraya aparır. Bu mağaranın indiki Mevlid-i Xəlilür-Rəhman mağarası olduğuna inanılır.
Nuna xatun burada uşağı dünyaya gətirir. Sonradan rəvayətə görə, mağaraya qayıtdıqda körpənin bir ceyran tərəfindən bəsləndiyini görür.
Bu uşağın isə sonradan Hz. İbrahim olduğu bildirilir.
Əfsanəyə görə, Hz. İbrahim qeyri-adi sürətlə böyüyür və bir müddət sonra Nemrutun sarayına gətirilir. Burada o, Nemrutun himayəsində böyüyür.
Hz. İbrahim sarayda Nemrutun övladlığa götürdüyü Zəliha ilə tanış olur. Zəlihanın da onun fikirlərindən təsirləndiyi və Nemrutun bütpərəstliyinə qarşı çıxdığı rəvayət edilir.
İbrahim isə insanları bütlərə sitayiş etməkdən əl çəkməyə çağırır. Lakin xalqın qorxduğunu görən İbrahim bu mübarizəni təkbaşına davam etdirmək qərarına gəlir.
Rəvayətə görə, bir gün məbəddə böyük mərasim keçirilərkən Hz. İbrahim bütün bütləri sındırır və baltanı ən böyük bütün boynundan asır.
Nemrut bundan xəbər tutduqda qəzəblənir və İbrahimi hüzuruna çağırır. Ondan bütləri kimin sındırdığını soruşur.
İbrahim isə cavabında bütlərin özlərini qoruya bilmədiyini bildirir.
Bu cavab Nemrutun qəzəbini daha da artırır. Rəvayətə görə, hökmdar Hz. İbrahimin böyük bir tonqalın içərisinə atılmasını əmr edir.
Əfsanənin ən möhtəşəm hissəsi məhz bundan sonra başlayır.
Rəvayətə görə, Hz. İbrahim nəhəng tonqala atıldığı anda Allahın möcüzəsi baş verir: od suya, tonqaldakı odunlar isə balığa çevrilir.
Bu gün Balıqlıgöldə üzən balıqların üzərindəki tünd ləkələr də əfsanəyə görə həmin hadisənin izləridir.
Balıqlıgölün digər hissəsi olan Aynzəlicha gölü ilə bağlı da başqa bir rəvayət mövcuddur. İnanclara görə, Hz. İbrahimin oda atıldığını görən və onun üçün çox kədərlənən Zəlihanın göz yaşlarından bu göl yaranıb.
Əfsanə belə deyir…
Tarix isə başqa suallar verir. Bəlkə də Şanlıurfanı maraqlı edən məhz budur: burada tarix, arxeologiya, dini inanclar və əfsanələr eyni məkanda bir-birinə toxunur.
Bu gün Şanlıurfa yalnız Balıqlıgöl və Hz. İbrahim rəvayətləri ilə tanınmır. Şəhərin tarixi qatları daha da qədimə gedib çıxır.
Burada Göbəklitəpə kimi dünya tarixinin ən mühüm arxeoloji abidələrindən biri yerləşir. İnsanlığın ən qədim monumental tikililərindən biri hesab edilən Göbəklitəpə Şanlıurfanın tarixini minilliklərin o tayına aparır.
Bir tərəfdə Balıqlıgölün əsrlərdir danışılan əfsanəsi, digər tərəfdə minilliklərin sirrini özündə yaşadan Göbəklitəpə…
Şanlıurfa məhz bu ziddiyyətlərin vəhdətidir.
Burada səhər qədim bir məbədin izlərini araşdırıb, günorta Balıqlıgölün sahilində əfsanələrə qulaq asmaq, axşam isə dar küçələrdə şəhərin özünəməxsus ab-havasını hiss etmək mümkündür.
Şanlıurfa sadəcə ziyarət ediləcək bir şəhər deyil. O, dinləniləcək bir hekayədir.
Və bu hekayənin hər küçəsində, hər daşında, hər suyunda başqa bir rəvayət gizlənir.
Qoşqar Salmanlı
#GOTürkiye
@GoTürkiye
#GoGaziantep
#Shanlıurfa































