1939-cu il avqustun 23-də Moskvada imzalanmış Molotov-Ribbentrop paktından bir həftə sonra sentyabrın 1-də Almaniya Polşaya hücum etdi. Bundan iki gün sonra İngiltərə və Fransanın Almaniyaya savaş elan etməsi ilə müharibə qaçınılmaz oldu. Sovet-Alman paktının şərtlərinə uyğun olaraq Almaniyanın ardınca sentyabr ayının 17-də Sovet orduları Polşaya daxil oldu və sentyabrın 23-də Polşanın işğalının başa çatdırılması münasibətilə Brest şəhərində birgə sovet-alman paradı keçirildi. Sentyabrın 28-də SSRİ ilə Almaniya arasında dostluq və sərhədlər haqqında müqavilə imzalandı. SSRİ ilə Almaniya arasında imzalanan bu pakt və gizli protokollar Adolf Hitlerin planlarını sürətli şəkildə həyata keçirməsinə səbəb oldu. İtaliya və Yaponiyanın da savaşa qatılması ilə tarixə İkinci Dünya müharibəsi kimi düşən dünya düzənini yenidən şəkilləndirən hadisələr başlamış oldu.
Almanların Polşaya hücumu zamanı ruslara qarşı mücadilə aparan, içərisində Azərbaycanın da yer aldığı Prometey hərəkatının liderləri Varşavada idilər. Ruslarla ittifaq bağlayan almanların Prometey liderlərini ələ keçirib təhvil verəcəkləri və ya öldürəcəkləri şübhəsizdi. Bu baxımdan aralarında Məhəmmədəmin Rəsulzadənin də olduğu Prometey öndərlərinin Varşavadan qaçışı və ölümdən xilas olmaları möcüzəli şəkildə olub. Həmin liderlərdən Ayaz İshaqi bəy bu hadisəni “Lehistandan gediş” adlı xatirəsində geniş şəkildə yazıb. M.Rəsulzadənin doğum ildönümünə girdiyimiz bu həftə müddətində həmin xatirələri hissə-hissə təqdim edəcəyik.
Qeyd edək ki, Kazan türklərindən olan Ayaz İshaqi 1878-ci ildə doğulub, İdil-Ural türklərinin ictimai-siyasi xadimi və yazıçısıdır. Mühacirətdə M.Rəsulzadənin ən yaxın silahdaşlarından olub.
***
MƏHƏMMƏD AYAZ İSHAQİ (İDİLLİ)
Lehistandan gediş
1939-cu il sentyabr ayının 1-də, bazar günü dan yeri ağararkən almanlar Lehistana (Polşa – D.Ə) müharibə elan etdilər. Bu dəftəri həmin gün almış və müharibə gündəliyi yazmağa başlamışdım. Sentyabrın 6-da hökumət “Varşava təhlükəlidir” deyərək biz Prometey böyüklərini Varşavadan uzaqlaşdırma qərarına gəldi. 6 sentyabrdan 7 sentyabra keçən gecə saat 01:20-də avtomobillərə əyləşərək yola çıxdıq. Hara gedəcəyimizi bilmirdik. Bizə Varşavada təhlükə bitənə qədər sakit, böyük bir çiftlikdə qorunacağımızı söyləmişdilər. Lakin gedəcəyimizi 1-2 saat öncə bildirdikləri üçün işlərimizi yoluna qoya bilməmiş, əşyalarımızı, yazılarımızı olduğu kimi buraxmaq məcburiyyətində qalmışdıq. Xəbəri alan kimi Varşavada yaşayan soydaşlarımızdan Məhəmmədcan İbrahimi, Varşavada oxuyan gənclərdən Əli Akışı, Əbdüləhəd Genişi, Kebir Kembiri çağırtdım. Gənclərə mənim evimdə qalmalarını söylədim. Məhəmmədcan əfəndiyə bir neçə aylıq kirayə pulunu, gənclərə də bir neçə aylıq yaşayış xərclərini verdim. Evdə olan bütün yemək-içməkləri istifadə etmələrini söylədim. Bu hadisədən əvvəl Rumıniyada müalicəvi dəniz suyunda yuyunmaq üçün bir aydan çox Karmen Selvidə qalmış, 23 avqustda Türkiyəyə getmək üçün bilet də almışdım. 23 avqustda Konstansaya gəldiyim zaman radio sovetlərlə almanlar arasında dostluq müqaviləsi imzalandığını elan etmişdi. Bir müharibənin xəbərçisi olan bu Sovet-Alman Əməkdaşlıq Müqaviləsi məni çox mütəəssir etmişdi. Bu müqavilə mühəqqəq Lehistana qarşı olacaqdı. Lehistanın bu günlərdə dünya siyasətinin mərkəzi olacağını, demokratların açıq şəkildə bu iki dövlətə qarşı səfdə olacaqlarını düşünmüş, bizim əbədi düşmənimiz ruslara qarşı cəbhədə duracaq dövlətlərin yanında yer almağımızın milli mənfəətimizin gərəyi olduğuna qane idim. Türkiyəyə gedəcəyim halda biletimə rəğmən Varşavaya yola düşdüm. Həqiqətən də, Varşavanı böyük həyəcan içində gördüm. Bir həftəlik zaman ərzində müharibə başladı. Mən gələn kimi ora-bura qaçdığım üçün Rumıniyadan gətirdiyim çantamı hələ boşaltmamışdım. Məhəmmədcan əfəndinin israrı ilə çantaya yeni bir paltarımı da yerləşdirdim. Varşava küçələrindən və ətrafdan keçmək çox çətin oldu. Yollar gedənlər və qaçanlarla dolu idi. Avtomobillərlə, arabalarla və piyada qaçanların sayı çox idi. Şəhərin kənarında minlərlə adam yeri qazır, şəhəri qorumağa çalışırdılar. Bizə və digər qaçanlara “Hara qaçırsınız? Gəlin Vətəni qoruyaq” deyə bağırırdılar. Dörd-beş saata ancaq at addımı ilə Varşavanın ətrafını keçdik. Avtomobilimizlə günəş doğana qədər şəhərdən uzaqlaşmağa cəhd edirdik. Çünki günəşin çıxması ilə alman təyyarələri şəhəri bombardman etməyə başlayacaqdı. Gün çıxana qədər biz Brest-Litovsk yoluna düşdük. Şəhərdən 50-60 km uzaqlaşdıq. Günortaya doğru başımızın üstündə bir təyyarə peyda oldu. Dərhal avtomobilimizdən endik, maşını ağacların arasında gizlətdik. Özümüz də meşəyə girdik. Təyyarə yaxınlaşdı, ona aşağıdan top atəşi atdılar. Beləcə o bomba ata bilmədən uzaqlaşdı. Biz bu fasilədən faydalanmaq məqsədi ilə yaxındakı bağçalı evə girdik. Bizə süd və çay vermələrini rica etdik. O ərəfələrdə xeyli alman casusu məmləkətin hər yerinə yayıldıqları üçün dilimizdən lehli olmadığımızı anlayaraq bir şey vermədilər. Şübhələrini də açıq söylədilər. Biz də gedib yoldaşlarımıza bu naxoş xəbəri bildirdik. Bizi yola salan lehli minbaşı Dombrovski bir dostu ilə birlikdə gedərək bu lehlilərə bizim türk jurnalistləri olduğumuzu və xəfiyyə olmadığımızı izah edincə bizə süd, yağ, təzə alınmış bal və bişmiş yumurtalar çıxardılar. Hamımızın qarnı doydu. Bizi yolçu edən minbaşı yaxın bir qəsəbəyə gedərək bizə yer hazırlayıb gəldi. Bu, müvəqqəti yerləşmə idi. Gecəyə doğru bizi Brest-Litovska apardılar. Orada leh ərkanının hərbi toplantıları keçirilir, müharibəni idarə etmək planları hazırlanırdı. Gecə vaxtı şəhərə girdik. Qaranlıqda bizi müxtəlif evlərə yerləşdirdilər. Əmin bəy Rəsulzadə, Mirzəbala, Əli Azərtəkin və mən bir yəhudinin evində qaldıq. Təmiz bir evdi. Sahibə xanım çay hazırladı, bol yemək qoydu. Otaqda bir radio vardı, dərhal onu açdıq. İlk olaraq Ankara dalğasını tutduq. Səsini tanıdığımız biri idman haqqında bilgi verirdi. Sabiq Varşava konsulu Rıdvan Boranın səsi idi. Ankara radiosundan müharibə xəbərlərini də öyrənmiş olduq. Vəziyyət Lehistan üçün fəna görünmürdü. Biz isə Visla çayı üzərində meydan müharibəsi gedir zənnində idik. Sakit, rahat bir yuxuya getdik. Səhər bizimlə görüşmək üçün əsgəri müəssisəyə çağırdılar. Orada Varşavadan tanıdığımız bir çox zabit və digər tanışlarla qarşılaşdıq. Gecəni necə keçirdiklərini soruşduq. Toplantının başlaması üçün bir-iki yoldaş əskikdi. Onları gözləyirdik. Birdən siqnal verildi. Çox keçmədən yığışdığımız otağın bütün pəncərələri çilik-çilik töküldü. Çox yaxın bir yerdə bomba partladı. Bizə aşağı mərtəbədəki sığınacağa getməyimizi söylədilər. Enincə şapkamın yuxarıda qaldığını xatırlayıb onu götürmək üçün təkrar yuxarı qalxdım. Şapkamı götürdüm, aşağı mərtəbəyə enmək üçün çıxdığımda böyük bir qüvvətlə küçə qapısı açıldı. Üzərimə su tökülməyə başladı. Toz-torpaq içində, amma heç bir yerim yaralanmadan aşağıya enə bildim. Eyni dəqiqədə əvvəlkilərdən daha qüvvətli və daha da yaxın bir yerdə bomba partladı. Daş bina sarsıldı. Üstümüzə xeyli toz-torpaq yağdı. Ətrafa baxdım, bizim yoldaşların çoxu kəlimeyi-şəhadət oxuyurdular. Lehlilərin üzləri ağappaq kətan kimi olmuşdu. Partlayışlar bir az səngidi. Bizi bağçaya çıxardılar. “Evlərinizə gedin, başqa yerdə toplanın” dedilər. Şəhərin bir çox yerində böyük yanğınlar vardı. Bir daha təyyarələr gəldi, bombalar atdılar. Qaldığımız evin arxasında boş yerə düşən bomba su çıxarmış dedilər. Axşamüstü yemək yeyib radio dinləyərkən bir zabit gələrək bizi bütün əşyalarımızla gündüz qaldığımız evə getməyə çağırdı. Bizə bu qədər hörmət göstərən və süfrəsini açmış yəhudi ailəsinə pul vermək istədik, amma qəbul etmədilər. Yola düşərkən yəhudinin xanımı “siz gedirsiniz, sabah bizə nə olacağı bəlli deyil” deyərək dəsmalla gözlərini silirdi. Bayaqkı binaya çatdığımızda əsgərlərin ağır, dolu sandıqları yük maşınına yüklədiklərini gördük. “Bunlar nədir” deyə soruşduğumuzda “dinamitlər”, “bombalar” cavabını aldıq. Məgər bombardman sırasında bizim sığınacağın üst qatı bomba və dinamitlə dolu imiş. Bombalar düşdükləri yerlərdən 50 metr bizə yaxın düşsəydi, bu bombalar bir-birinə dəyərək partlayacaq və qaldığımız ev havaya uçacaqdı. Bizlərdən xatirə üçün də bir parça qalmayacaqdı… Allahın bizi qoruduğuna şükr edib, bizi göndərəcəkləri başqa bir şəhərə getmək məqsədi ilə stansiyaya yönəldik. Orada bizi qatar gələcək deyə bir xeyli gözlətdilər. Qatarın bizdən öncə getdiyini öyrəndik. Bizi yenidən şəhərə gətirdilər. Avtomobillərlə yola düşdük. Dörd-beş günlük yolda ordan-ora dolaşaraq gecəyarı Lvov şəhərinə çatdıq. Bizi yola salan minbaşı yer tapmaq üçün bizdən öncə getsə də, qalacaq yer tapa bilmədi. Küçədə qaldıq. Maşınlarımızda, meydanda bir az yatdıq. Ertəsi gün bizi bir məktəb pansiyonatına yerləşdirdilər. Ancaq şəhər bombardman edilmişdi və edilməkdə davam edirdi. Hara gedəcəyimizi təsbit etmək üçün danışmaq məqsədilə bizi bələdiyyə dairəsinə çağırdılar. Orada əsgəri bir idarədə toplandıq, ancaq dayanmadan təyyarə səsləri və ona qarşı atılan topların səsləri ucbatından danışmaq imkanı yoxdu. Hara gedəcəyimiz barədə bir qərar vermədiklərini söylədilər və dağılışdıq. Vaxtımız çox olduğu üçün radiosu olan qəhvəxanalara gedir, qəzet alır, müharibə xəbərlərini araşdırırdıq. Bundan başqa yemək-içmək məsələsi də çətin olduğundan yeyəcək satılan yerlərə tələsirdik. Üstəlik bu əsnada vücudumda çibanlar vardı. Bu, məni narahat edir, yeriməyimi çətinləşdirirdi. Çibanlar ard-arda çıxdığından bütün bədənimə yayılmasının qarşısını almağa çalışır, imkan olan yerlərdə irinləri spirtlə təmizləmək, dərman sürtmək məcburiyyətində idim. Çox vaxt irinləri təmizlədiyim əsnada bombardmançı təyyarələr gəlirdi və sığınacağa qaçmaq gərəkirdi. Bir axşam (ayın 12-si, ya da 13-ü olmalıdır) söhbət edərkən bizi yolçu edən minbaşı və yoldaşı ildırım kimi otağımıza girdilər, “almanlar şəhəri ələ keçirirlər, şəhərin yarısı almanların əlindədir, biz gedirik, bizimlə gəlirsinizmi?” dedilər. Biz “haraya” deyə soruşarkən “bilmirik, şəhərdən qaçırıq, danışacaq zamanımız yoxdur, Allaha əmanət olun” dedilər. Bizdən ancaq krımlı bir dəliqanlı onlara qatıldı, biz arxada qaldıq… Demək, almanlar şəhəri işğal etdilər, biz artıq almanların əlindəyik. Nə üçün burada olduğumuzu anlatmaq çətin olacaqdı. Yanımızdakı sənədlər işimizi uzadacaqdı. Bunların nə olduğunu anlatmaq uzun vaxt alacaqdı. Bu səbəbdən pasportdan və lazımi vəsiqələrdən başqa sənədlərimizi yandırmağa qərar verdik və etdik də. Mən də hər gün yazdığım 12-13 günlük xatirə dəftərimi yandırdım. Sonra yenidən gündəlik dəftər tutmadım. İndi yenidən başlamaq niyyətindəyəm. Allah müvəffəq etsin.
Davamı var
Müəllif: Dilqəm Əhməd