Şəhidin köhnəsi,təzəsi olmur. Şəhidin müqəddəsliyi qazandığı an, qəhrəmanlığı və torpaq uğrundakı şücaəti, canından keçməsi hər an-keçmişdə də, indi də hər kəs üçün eynidir; eyni vətəndaşlıq borcu ilə xatırlanmalı, eyni minnət duyğusu və ehtiramla yad edilməlidir.
Yad edirik, unutmuruq, unutdurmuruq…
Gəncə şəhidimizdən danışacam bu gün. Uşaqlığımın şəhidi, köhnə yaramız, köhnəlməyən yaramızdan. Məmmədov Arif Teymur oğlu 05.06.1970-ci ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olub. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuş, hərbi xidməti qurtardıqdan sonra Şəmkir RPŞ-də polis serjantı kimi işə başlamışdır. On bir ay polisdə qüsursuz xidmət göstərən Arif hər an xalqın yanında idi.
Məlum zamanlarda—ordumuzun yetəri qədər formalaşmadığı dövrlərdə torpaqlarımızın müdafiəsini Polis , yerli özünü müdafiə batalyonu, və könüllü xalq təmin edirdi. Erməni quldurları torpaqlarımızı işğala başlayan zaman silaha sarılıb könullu olaraq torpaqlarımızın mudafiəsi üçün döyüşlərə qatılan ilk döyüşçülərdən idi Arif . Elə ilk şəhid də o oldu. Həmdə ilk polis şəhidi. Şəmkir rayonunun ilk şəhidi adı ilə tarixə düşdü Arif; el camaatının, ailəsinin və bütünlükdə xalqının qəhrəmanına çevrildi. Döyüşdüyü müxtəlif bölgələrdə- Gədəbəy, Goranboy rayonlarının Şəfəq, Buzluq, Toğana kəndlərinin müdafiəsində silinməz iz qoyan Arif 07.10.1991-ci ildə Şəfəq kəndinin müdafiəsi zamanı şəhadətə yüksəlir.
Subay idi. Özündən sonra Vətənə əmanət etdiyi iki qardaşı və üç bacısı var- hər anlarında fəxr yerləri şəhidini baş tacı edən.
Fəxrinizə qoşuluruq, ehtiramla yad edirik, unutmuruq. Dərdiniz dərdimizdir.
Gülər Mübariz