Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlar zamanı münaqişələri dayandırmayacaqlarını bildirib.
Vətəninfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Sergey Lavrov Belarusla diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə Minskə səfər edib.
Lavrov belaruslu həmkarı Sergey Aleynik, Respublika Şurası və Nümayəndələr Palatasının rəhbərləri ilə görüşüb və prezident Aleksandr Lukaşenko tərəfindən qəbul edilib.
Lukaşenko ilə görüşdə müxtəlif sahələrdə ikitərəfli əlaqələr, birliyə inteqrasiya prosesi, iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyində (MDB) qarşılıqlı fəaliyyətlər, təhlükəsizlik və Ukrayna məsələləri müzakirə olunub.
Lavrov çıxışında xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl “Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan çıxarsa və NATO-ya qoşulmaq istəyindən əl çəkərsə, Kiyevlə danışıqlar başlaya bilər” təklifini verib.
Ukrayna ilə danışıqlara açıq olduqlarını bildirən rusiyalı nazir deyib: “Danışıqlara sıfırdan başlamaq lazımdır. Müzakirələr Qərbin göstərişi olmadan aparılmalıdır. Biz həmişə demişik ki, danışıqlara hazırıq, lakin bu zaman xüsusi hərbi əməliyyatı dayandırmayacağıq. Bunu 2022-ci ilin aprelində etdik və aldandıq. Cəbhədəki vəziyyət daim dəyişir və bu da Ukraynanın xeyrinə deyil”.
Rusiyanın Qərb ölkələri ilə dialoqa açıq olduğunu vurğulayan Sergey Lavrov Avrasiyada ümumi təhlükəsizlik sisteminin yenidən qurulmasının vacibliyinə də diqqət çəkib.