28 May tarixi Azərbaycan xalqının azadlıq və dövlətçilik uğrunda mübarizəsinin parlaq səhifəsidir. 1918-ci il mayın 28-də Tiflisdə Müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, təkcə bir dövlətin qurulması yox, həm də milli özünüdərk və suverenliyin təntənəsi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranma zərurətinə tarixi kontekstən yanaşdıqda görürük ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi və xalqlar öz müqəddəratlarını təyin etmək imkanı əldə etdilər. Bu şəraitdə, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. AXC, müsəlman Şərqində ilk parlamentli respublika və demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.
Lakin 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süqut etdi.
Cümhuriyyətin qısa müddət – 23 ay yaşamasına baxmayaraq, dövlətçiliyin əsas sütunlarını yaratdı: parlament, ordu, milli valyuta, bayraq, himn, dövlət dili və təhsil sistemi formalaşdırıldı. Qadınlara seçki hüququnun verilməsi isə onu Avropa ölkələrindən belə qabağa çıxardı.
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edərək AXC-nin hüquqi varisi olduğunu bəyan etdi. Bu, dövlətçilik ənənələrinin davam etdirilməsi və milli suverenliyin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
2021-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Qanuna əsasən, 28 May tarixi Müstəqillik Günü elan edildi. Bu qərar, Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və AXC ilə müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir.
Bu gün biz 28 Mayı sadəcə bir tarixi hadisə kimi yox, həm də azadlığın, milli birliyin, dövlət müstəqilliyinin simvolu kimi qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqilliyimizi qoruyaraq onu daha da möhkəmləndirmiş, bölgənin lider dövlətinə çevrilmişdir.
Müstəqillik Günü, Azərbaycan xalqının azadlıq və dövlətçilik uğrunda mübarizəsinin, milli kimliyin və suverenliyin təntənəsinin simvoludur. Bu gün, hər bir vətəndaş üçün tarixə hörmət və gələcəyə inamın ifadəsidir.
Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı