Vətəndaş Seyidov Cavid Əmirağa oğlu “Şərur MTK” rəhbərliyindən ciddi narazılıq doğuran şikayət ünvanlayıb.
Yeniera.az-a müraciət edən şəxs bildirib ki, onun qardaşı Seyidov Davud Əmirağa oğlu 2019-cu ilin oktyabrın 12-də yeni Yasamal ərazisində, Əsəd Əhmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksindən kreditlə mənzil alıb.
Şikayətçinin dediklərinə görə, mənzilə öncədən şərtlərə görə, 19 min ilkin ödəniş edilib. Daha sonra ödəniş cədvəlinə əsasən, 2020-ci ilin yarım rübünə qədər hər ay ödənişi normal qaydada həyata keçirib. Lakin məlum olduğu kimi, 2020-ci ilin fevral ayından koronavirus infeksiyasının dünyanı ağuşuna aldığı zaman, Azərbaycanda xüsusi karantin rejimi və qapanmalar olduğu dövrdə ödənişin edilməsi məcburi dayandırılıb.
Ardınca 10 ay sonra koronavirusun, qapanmaların və normal həyatın yavaş_yavaş stabilləşməsindən sonra şirkət tərəfindən yeni ödəniş cədvəli tərtib edilib və ənənəvi şəkildə ödənişin edilməsi davam etdirilib.
Şikayətçinin fikirlərinə əsasən, bir neçə il sonra Seyidov Davud Əmirağa oğlu şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün halı pisləşib və təcili Rusiyaya aparılaraq orda beynindən əməliyyat olunub və bununla da bir gözünün görmə qabiliyyətini itirib. Buna görə də Seyidov Davud Əmirağa oğluna Azərbaycanda əlillik təyin edilib. Daha sonra o, İtaliyaya müalicə üçün getməli olub. Orada da xəstənin ayaq barmaqlarının bir neçəsi kəsilib, bu dəfə də hər iki gözünün görmə funksiyası itirilib. Hazırda da İtaliyada müalicə alır. Bu səbəbdən ailənin maddi vəziyyəti zəif olduğu üçün yenidən ödəniş 3-4 ay gecikdirilib.
Mənzil sahibinin qardaşı vurğulayıb ki, bundan sonra mənzili sahibinin qardaşı Seyidov Cavid Əmirağa oğlu “Şərur MTK” şirkətinə gedərək məsələni izah etməyə çalışıb, lakin ona bina rəhbərliyindən təkidlə deyilib ki, 6 ildir mənzil üçün ödənilən vəsaitdən əlavə 15 il də 1851 manatdan ödəniş edilməlidir ki, mənzil Seyidov Davud Əmirağa oğlunun adına keçirilsin. Şikayətçinin sözlərinə görə, şirkət rəhbərliyinin bu tələbi ilə mənzilin qiyməti 330 min, onların indiyədək ödədiyi vəsaitlərlə isə 400 mindən çox edir.
Əmlak sahibinin qardaşı öz növbəsində şirkətin bu tələbi ilə razılaşmayıb və evi qaytarmaq qərarına gələrək indiyədək edilən ödənişi də geri almaq istəyib. Şirkət rəhbərliyi mənzil sahibinin qardaşı ilə razılaşıb və onlara 84 min AZN geri ödəniləcəyini deyib. Ancaq 1 həftə sonra şirkətdən ona mənzilin geri qaytarılması müqabilində 51 min manat geri ödəniş ediləcəyi bildirilib. Amma şikayətçi bununla razılaşmayaraq, 84 min AZN qaytarılmalı olduqlarını qeyd edib. Nəticədə isə Seyidov Cavid Əmirağa oğlu “Şərur MTK”nın rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovla görüşüb. İ.Axundov da ona 51 min AZN ödəniləcəyini deyib. Tərəflər arasında öncə razılığa gəlinib və 51 min AZN geri alınıb. Daha sonra şikayətçi 10 min AZN-ni də geri istəyib. Bundan sonra yekunda “Şərurlu İsfəndiyar” Seyidov Cavid Əmirağa oğluna mənzilin açarlarını təqdim etmək şərtilə 10 min AZN artıq ödəniş ediləcəyini söyləyib. Şikayətçi öncədən bu təkliflə razılaşmasa da, daha sonra bununla razılaşaraq mənzilin açarlarını şirkətə təqdim edib və 10 min AZN-ni də geri alıb.
Şikayətçi şəxs qeyd edib ki, 77 kv metrlik mənzil 2019-cu il şirkət tərəfindən kvadratı 1400 AZN-dən alıcıya satılıb. Mənzilin ümumi qiyməti 92 min təşkil edib. Lakin 2020-ci ildəki mövcud şəraitə əsasən, ödəniş edilə bilmədiyi üçün mənzil sahibinə tərtib edilən yeni müqavilədə mənzilin hər kvadratı üçün aylıq ödəniş 2500 AZN-dən çox hesablanıb. Bu hesablamalara əsasən, mənzilin yekun qiyməti 400 min manatdan çox edir.
Mənzilin sahibinin qardaşı onu da əlavə edib ki, şirkətin qaytarılan mənzil müqabilində geri qaytardığı ödənişdən 23 min manat əlavə ödəniş qalıb və bu ödənişi geri almaq istəyir. Seyidov Cavid Əmirağa oğlu sonda aidiyyati qurumlardan bu məsələdə ona kömək göstərilməsini xahiş edib.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Məsələ ilə bağlı “Şərur MTK”ya sorğu göndərsək də, şirkət suallarımıza cavab vermədi.
QEYD: Xəstə və əlil insana qarşı yolverilən bu cür hal birmənalı şəkildə qarşılanmır!


























