image-reklam-veteninfo
image-settarbackend

Səttar Möhbalıyev: “Qarabağda Dövlət suverenliyinin tam bərpası əməliyyatı siyasi iradə və diplomatik uğurların təntənəsidir”

image-reklam-veteninfo

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş Dövlət suverenliyinin tam bərpası əməliyyatı son illərin ən mühüm siyasi və hərbi proseslərindən biri kimi tarixə yazıldı. Bu əməliyyat təkcə Ermənistan silahlı qüvvələrinin bölgədə törətdiyi təxribatlara adekvat cavab olmayıb, həm də Azərbaycanın beynəlxalq hüquqa, üçtərəfli bəyanata və regionda sülhün bərqərar edilməsinə sadiqliyinin bariz nümunəsi olub. Ermənistan təxribatlarının davamı təbii ki, gərginliyin artmasına səbəb olurdu. Məlum olduğu kimi son aylarda erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərini atəşə tutması, ərazilərimizin minalanması, yeni səngər və sığınacaqların inşası bölgədə təhlükəli gərginlik mühiti yaratmışdı. Bu isə göstərirdi ki, Ermənistan hələ də revanşist niyyətlərdən əl çəkməyib və üçtərəfli bəyanatın öhdəliklərini pozmaqda davam edir. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Biz regionda sülh istəyirik, lakin sülhə gedən yol təxribatlara dözümsüzlükdən keçir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, döyüş mövqelərinin artilleriya və zirehli texnika ilə gücləndirilməsi, minalanmış yollar və kəşfiyyat-diversiya fəaliyyətləri Azərbaycan dövlətini adekvat tədbirlər görməyə məcbur etdi. Bu, dövlətimizin ərazi bütövlüyünü qorumaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə bir mesaj idi: Azərbaycanın səbrinin həddi var, vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Sentyabrın 19-da baş vermiş mina partlayışları Ermənistanın Azərbaycana qarşı terror siyasətinin davam etdiyini bir daha sübut etdi. Mülki şəxslərin və hərbi qulluqçuların həlak olması yalnız hərbi deyil, həm də siyasi cinayət idi. Bu hadisə göstərdi ki, Ermənistan sülhdən deyil, məkrli planlardan qidalanır. Azərbaycan isə bu cinayətlərin qarşısını almaqda və beynəlxalq hüquqa əsaslanaraq addımlar atmaqda qətiyyətlidir. Erməni silahlı birləşmələrinin Qarabağda hələ də mövcudluğu 2020-ci il 10 noyabr bəyanatının kobud şəkildə pozulmasıdır. Bu, regional təhlükəsizliyə təhdid olmaqla yanaşı, Ermənistanın beynəlxalq öhdəliklərinə hörmətsizliyini də göstərirdi. Azərbaycan isə hüquqi baza əsasında çıxış edərək, bəyanatın icrasını təmin etməkdə qərarlı olduğunu dəfələrlə bildirmişdi. Azərbaycanın həyata keçirdiyi Dövlət suverenliyinin tam bərpası əməliyyatı yalnız hərbi əməliyyat deyil, həm də siyasi iradənin təntənəsi idi. Məqsəd bölgədə qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək, əhalinin təhlükəsizliyini təmin etmək və dövlətin konstitusiya quruluşunu bərpa etməkdir. Bu addım beynəlxalq hüquq normalarına tam uyğunluq təşkil edirdi. Azərbaycan ordusu yüksək dəqiqlikli silahlarla yalnız hərbi hədəfləri zərərsizləşdirdi. Mülki əhali və infrastruktura toxunulmadı. Bu, bir tərəfdən ordumuzun peşəkarlığını, digər tərəfdən isə Azərbaycanın humanist siyasətini nümayiş etdirdi. Beynəlxalq müşahidəçilər də təsdiqlədilər ki, Azərbaycan yalnız legitim hədəflərə qarşı əməliyyatlar həyata keçirib. Əməliyyat başlamazdan əvvəl Azərbaycan Rusiya sülhməramlı kontingentini və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzini məlumatlandırdı. Bu, dövlətimizin şəffaflığını və beynəlxalq tərəfdaşlıq prinsipinə sadiqliyini göstərdi. Azərbaycanın mesajı aydın idi: biz gizli əməliyyat aparmırıq, məqsədimiz sülh və sabitlikdir. Bölgədə uzunmüddətli sülhün yeganə yolu erməni silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması və qondarma rejimin ləğv edilməsidir. Bu, Azərbaycanın həm diplomatik, həm də hərbi mesajıdır: sülh üçün yol birdir – qanunsuzluğun aradan qaldırılması.

Azərbaycan mülki şəxslərin qorunmasını prioritet elan etdi. Mobil SMS bildirişləri, səsgücləndiricilər, humanitar dəhlizlərin yaradılması dövlətin öz vətəndaşına və Qarabağda yaşayan erməni əhalisinə qayğısının nümunəsidir. Qadınlar, uşaqlar və qocalar üçün xüsusi təminatlar ordumuzun humanist obrazını dünyaya nümayiş etdirdi. Millət vəkili fikirlərinin davamı olaraq onu da bildirdi ki, siyasi birliyin gücü bu əməliyyat zamanı özünü bir daha göstərdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər. 23 siyasi partiyanın birgə bəyanatı Azərbaycanın milli həmrəyliyinin ən bariz göstəricisi oldu. Bu, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan güclü mesaj idi: Azərbaycan bir bütöv xalq kimi öz liderinin ətrafında dayanır. Milli maraqları dəstəkləməkdən imtina edən AXCP, Müsavat və REAL partiyaları isə bir daha xalqın mənafeyinə zidd mövqelərini nümayiş etdirdilər. Bu fakt Azərbaycan ictimaiyyətinə bir daha göstərdi ki, milli iradəyə qarşı çıxan siyasi qüvvələr yalnız xain mövqedə qala bilərlər. Qərbi Azərbaycan İcması isə beynəlxalq ictimaiyyəti ədalətə çağıraraq, Ermənistanın hərbi təxribatlarını ifşa etdi. Bu, diasporumuzun milli maraqlar naminə fəallığının nümunəsidir və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm siyasi hadisədir. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinləri dialoqa dəvət etsə də, bu çağırışlar cavabsız qaldı. Yevlaxda dialoq təklifi dövlətimizin siyasi iradəsini göstərən ən humanist addımlardan biridir. Lakin əməliyyatın dayandırılması üçün şərt dəyişməzdir: qanunsuz silahlı dəstələr silahı yerə qoymalı, rejim buraxılmalıdır. Əks halda tədbirlər sona qədər davam edəcək.

Qarabağda Dövlət suverenliyinin tam bərpası əməliyyatı Azərbaycanın hərbi gücünü, siyasi iradəsini və diplomatik çevikliyini bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın güclü ordusu, sarsılmaz siyasi iradəsi və vahid xalq dəstəyi olduğu halda heç bir qüvvə ölkəmizin yolunu kəsə bilməz.” Bu əməliyyat həm Azərbaycanın dövlətçilik tarixində yeni bir qələbə səhifəsi oldu, həm də regionda uzunmüddətli sülhün təminatı üçün mühüm addım kimi qiymətləndirildi – deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki