image-reklam-veteninfo
image-settarbackend

Səttar Möhbalıyev: ” Qubadlı Zəfərin, Qayıdışın, Inkişafın parlaq rəmzinə çevrilib”

image-reklam-veteninfo

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi; “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar xalqın yaddaşında təkcə xronoloji hadisə kimi deyil, milli kimliyin, mübarizə ruhunun və dövlət iradəsinin təntənəsi kimi yaşayır. 25 oktyabr – Qubadlı şəhəri günü məhz belə günlərdəndir. Bu tarix Vətən müharibəsində dönüş nöqtələrindən biri, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin parlaq səhifəsi kimi yaddaşlara yazılıb.

Bu fikirləri Vətəninfo.az-a  açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazisi ilə bu diyar həm coğrafi, həm də strateji baxımdan ölkənin müdafiə sistemində mühüm yer tutur. Səthi əsasən dağlıq olan Qubadlı qərbdən Ermənistanla sərhəddə yerləşməklə, həm Qarabağ, həm də Zəngəzur istiqamətində mühüm strateji qovşaq rolunu oynayır. Həkəri və Bərgüşad çaylarının sulu vadiləri, məhsuldar torpaqları, təbii sərvətləri bu diyarı həm iqtisadi, həm də ekoloji baxımdan əvəzsiz edir. İşğala qədər Qubadlıda 13160 hektar meşə sahəsi, zəngin mərmər və mişar daşı yataqları, əqiq, yəşəm, tuf kimi nadir mineral resurslar mövcud idi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi düzənliklərdə əkinçilik, üzümçülük, tütünçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun iqtisadi siması zəhmətsevər insanların alın təri ilə yoğrulmuşdu. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar siyasəti Qubadlıya qarşı sistemli formada həyata keçirildi. 1993-cü ilin avqustun 31-də Qubadlı tam işğal olundu. 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 161 mədəniyyət obyekti, 7 məscid, 148 sosial bina, minlərlə kilometr kommunikasiya xətləri yerlə yeksan edildi. 30 minə yaxın qubadlılı doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal dövründə Ermənistan burada beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xaricdən gətirilmiş ermənilər Xanlıq qəsəbəsində və ətraf kəndlərdə yerləşdirildi. Bu, Cenevrə konvensiyalarının açıq pozuntusu idi.

Millət vəkili onu da dedi ki, 2020-ci ilin payızında Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsini başladarkən, məqsəd təkcə torpaqların deyil, milli ləyaqətin də azad olunması idi. Qubadlı uğrunda döyüşlər bu mübarizənin ən çətin, lakin ən şərəfli mərhələlərindən biri oldu. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Lakin Azərbaycan Ordusu yüksək peşəkarlıq və fədakarlıq nümunəsi göstərərək, bir-birinin ardınca strateji yüksəklikləri ələ keçirdi – Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu. Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini işğaldan azad etdi. Bu zəfər artıq Şuşaya gedən yolun qapısını açdı. Bu qəhrəmanlıq tarixini əbədiləşdirmək üçün 26 noyabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. 15209 hərbi qulluqçu bu medalla təltif olundu – bu, dövlətin igid övladlarına verdiyi ən ali dəyərlərdən biridir. Cənab Prezident İlham Əliyevin siyasətində Qubadlının dirçəlişi də əsaslı yer tutdu. Zəfərdən sonra Qubadlı təkcə azad edilən torpaq deyil, həm də yenidənqurulan və gələcəyə inamla addımlayan diyar kimi dövlət siyasətinin mərkəzinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr “Qubadlı şəhəri günü” elan edildi. Bu qərar həm tarixi ədalətin, həm də milli yaddaşın bərpasıdır. Cənab Prezidentin tapşırığı ilə Qubadlıda böyük bərpa layihələri həyata keçirilir. “Qubadlı” yarımstansiyasının inşası bölgənin 2050-ci ilə qədərki inkişafını təmin edəcək. Qubadlı-Eyvazlı avtomobil yolu, yeni Qubadlı–Laçın magistralı, 20 milyon manatlıq dövlət investisiyası bu torpağın iqtisadi həyatını bərpa etməyə yönəlib. 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu artıq regionun logistika təhlükəsizliyində mühüm rol oynayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlıya səfərləri bu torpağın həyatına yeni nəfəs gətirib. 23 dekabr 2020-ci ildə Prezident Qubadlıda Azərbaycan bayrağını ucaldaraq tarix yazdı. Bu, azadlığın rəmzi idi. 25 oktyabr 2021-ci ildə “Qubadlı” yarımstansiyasının, Xanlıq–Qubadlı yolunun, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışlarında iştirak etdi, ictimaiyyətlə görüşdü. 19 oktyabr 2022-ci ildə “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, yeni enerji infrastrukturunun təməlini qoydu. 4 may 2023-cü ildə isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin, xəstəxananın və kəndlərin təməlini atdı. Bu səfərlər təkcə iqtisadi və sosial layihələrin yox, həm də dövlətin xalqına qovuşma fəlsəfəsinin ifadəsidir.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Əllər yenə torpağa uzanır, çaylar yenidən kəndləri cana gətirir, yollar ümidlə çəkilir. Qubadlı artıq işğalın deyil, dirçəlişin, qürurun və dövlətçilik iradəsinin simvoludur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bizim xalqımız öz torpaqlarına qayıdıb və bir daha heç kim onu bu torpaqlardan qopara bilməz.” Bu inam, bu qətiyyət, bu iradə Qubadlının, eləcə də bütün azad edilmiş torpaqların gələcək inkişafının əsas təminatıdır-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki