Səudiyyə Ərəbistanının Saudi Arabian Oil Co. “Saudi Aramco” dövlət neft şirkəti Amerikanın bir sıra iri şirkətləri ilə təqribən 90 milyard dollar dəyərində ilkin müqavilələr imzalayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Aramco bildirib.
Mayeləşdirilmiş təbii qaz, yanacaq və kimya sənayesi, emissiyaların azaldılması texnologiyaları və süni intellekt sahələrinə aid 34 anlaşma memorandumu və tərəfdaşlıq sazişi imzalanıb.
Aramco, xüsusilə, Samref neft emalı zavodunun təkmilləşdirilməsi imkanlarını qiymətləndirmək üçün ExxonMobil Corp ilə anlaşma memorandumu imzalayıb. Bundan əlavə, Amazon.com Inc. ilə rəqəmsal transformasiya və emissiyaların azaldılması sahələrində, Nvidia Corp. ilə isə süni intellekt infrastrukturu təşəbbüsləri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Şirkət sazişlərin imzalandığını ABŞ prezidenti Donald Trampın Ər-Riyad səfərindən sonra açıqlayıb.