Fransa Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ikitərəfli müqavilə bağlayıb. Bu Fransanın regionda yenidən gərginliyə hesablanmış addımıdır. Rəsmi Paris açıq şəkildə Ermənistanı silahlandırdığını gizlətmir. Maraqlıdır ki, Fransa “Sezar” (CAESAR) artilleriya sistemlərini İrəvana müqavilə əsasında verməyə razılaşsa da, bu silahların mərmilərinin verilməsi ilə bağlı razılığa gəlməyib.
İrəvan 36 ədəd “Sezar” almağı planlaşdırır və ona 200 mindən çox mərmi lazımdır. Erməni hərbi ekspert Narek Nersisyan hesab edir ki, Fransa mərmiləri verməməklə İrəvanı müəyyən məsələlərdə özündə asılı salmağa çalışır. İrəvanda başa düşürlər ki, indi istənilən müasir silah onları xilas edə bilməyəcək. Çünki 44 günlük müharibə zamanı Ermənistanın ən güvəndiyi S-300 zenit-raket kompleksinin aqibəti məlumdur. Bu gün həmin S-300 zenit-raket kompleksinin bir neçəsi Bakıda Qənimətlər Parkında nümayiş olunur.
Rəsmi Paris Ermənistanı silahlandırmaqla regionda söz sahibi olmağa çalışır.
Ancaq buna nail ola biləcəkmi?…
Fransanın Ermənistana “Sezar” (CAESAR) artilleriya sistemlərini verməsi ilə bağlı ilk narahatlığı Rusiya dilə gətirdi. Bir sözlə Ermənistan iki üçurum arası var gəl edir. Ya Rusiyanın istəklərini yerinə yetirməli, ya da Fransadan asılılığını rəsmən təsdiqləməlidir. Amma görünən odur ki, rəsmi Paris özü də Ermənistanın hansı vəziyyətdə olduğunu anlayır. İrəvan “Sezar” (CAESAR) artilleriya sistemlərini almaqla yeni təxribata hazırlaşdığını bəyan etmiş olur. Azərbaycanın hansı cavab verəcəyi isə sözsüz bəllidir. Hər hansı bir təxribat baş verərsə “Sezar”ı “S-300 “-ü aqibəti gözləyə bilər.
Görünən isə odur ki, biz indidən Hərbi Qənimətlər Parkında “Sezar” üçün yer hazırlamalıyıq. Çünki reallıq budur ki, erməni mediasının dünyanın ən yaxşı artilleriya sistemi kimi təqdim etdiyi “Sezar” Ermənistanı xilas edə bilməyəcək.
Nahid Canbaxışlı
”Vətəninfo.az” İnformasiya Agentliyinin baş redaktoru