image-1backend

Siyasi ŞƏRHÇİ: “İran Türk Dövlətləri Təşkilatına üzv olacaq”

image-reklam_sirab_01

İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib. Bildiyimiz kimi,  İran prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.

İranda keçirilən prezident seçkiləri və bu seçkidə Azərbaycan əsilli siyasətçinin qalib gələrək prezident seçilməsini interpress.az-a şərh edən siyasi şərhçi Toğrul Allahverdili bunu təkcə İran azərbaycanlılarının deyil, bütün Türk dünyasının uğuru adlandırıb.

image-2

“Bilirsiniz ki, bu gün qonşu İranda prezident seçkiləri başa çatdı, artıq yeni seçilən prezident Məsud bəy qalib oldu. Bir azərbaycanlı və türk millətinin nümayəndəsi olaraq bu, məni çox sevindirir.

Bir məsələni xüsus olaraq qeyd etmək istəyirəm ki, mən İran rejimini, bundan öncəki rəhbərliyini ən çox və sərt tənqid edən şəxslərdən biri olaraq Məsud bəyin prezident seçilməsini çox arzulayırdım. Şükürlər olsun ki, millətimiz qərarını verdi. İranda bir daha bu sübut olundu ki, İran adlanan dövlətdə əsas söz sahibi, əsas aparıcı qüvvə türklərdir, Azərbaycan türkləridir və bu da dünyaya sübutdur ki, seçmə və seçilmə hüququ olarsa, azərbaycanlılar nəyə qadirdır.

Məsud bəyin çıxışlarını hər birimiz dinləmişik, onun hansı baxışa sahib olduğu hər kəsə bəllidir. Bir daha uğurlar arzulayıram və düşünürəm ki, İran-Azərbaycan münasibətləri bundan sonra daha da irəliləyən xətt üzrə inkişaf edəcək.

Bir məsələni xüsus olaraq diqqətinizə çatdırım ki, Məsud bəyi ilk təbrik edənlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu və ölkəmizə səfərə dəvət etdi.

Bu təbrik sırf Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə görüşü ərəfəsində və həmin yerdən oldu. Bu da onu deməyə əsas verir ki, bu, öz-özlüyündə bir simvolik məna daşıyır.

Müstəqil şəxs olaraq hesab edirəm ki, gələcəkdə İran da Türk Dövlətləri Təşkilatının üzvü ola bilər. Çünki Türk Dövlətləri Təşkilatı dünyada artıq söz sahib olan aparacı bir təşkilata çevrilib və İran da türk dövlətlərinə üzv olmaqla regionda inkişafı üçün onun əsas hissəsi ola bilər.

Düşünürəm ki, gələcəkdə bir çox dövlətlər TDT-nin üzvü olacaqlar. Artıq Avropa ölkəsi Macaristanın müşahidəçi üzv olması bunun göstərincisidir.

Ola bilər ki, gələcəkdə Rusiya, İran, hətta Pakistan və digər region dövlətləri də TDT-yə üzv olsunlar və əməkdaşlığı gücləndirsinlər.

Hesab edirəm ki, İranda hakimiyyətə bir türk kimliyinin, türk prezidentin gəlməsi və onun türk dilinə həssaslığı İranın maraqlarını qorumaq çərçivəsində bu dilin İranda varlığının qoruyucusu olacaq. və təbii ki,  Hesab edirəm ki, İran yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olacaq.

Bir şeyi qeyd etmək istəyirəm ki, uzun illərdir, hətta əsrlərdir, biz İranda hakimiyyətə gələnə qədər türkçülüyü qorumağa söz verən, dilimizə sadiq qalaraq fəaliyyət göstərəcəyini vəd verən və sonradan sözünə əməl etməyən, türkləri, azərbaycanlıları sıxışdıran, öz dilində nəinki oxumağa, hətta danışmağa belə qadağa qoyan siyasətçilər, rəhbərlər görmüşük.

Ümidvarıq ki, İranda yeni prezident seçilən Azərbaycan Türkü Məsud bəy öz vədinə xilaf çıxmayacaq, türk millətinin hüquqlarını müdafə edəcək, türkçülüyü qoruyub saxlayacaq “, – Toğrul Allahverdili vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki