Azərbaycanda internetin qiymətinin artacağı ilə bağlı məlumat yayılıb.
Vətəninfo.az xəbər verir ki, yayılan məlumatda oktyabrın 1-dən Azərbaycanda bütün sabit internet tariflərinin minimum 25 manatlıq vahid tarifə keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, qərar bazarda tariflərin vahidləşdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, söhbət internetin qiymətinin artırılmasından deyil, abonentlərə tətbiq olunan güzəştlərin ləğv edilməsindən gedir.
Mənbənin sözlərinə görə, bəzi provayderlər müəyyən abonent qruplarına, xüsusilə yeni binaların sakinlərinə güzəştlər tətbiq edərək aylıq internet ödənişini 18 manat və ya daha aşağı müəyyən ediblər.
“Yəni ola bilər ki, hansısa provayderin güzəştli müştəriləri var. Məsələn, hansısa binanın internet təminatına sahib olmaq üçün provayder həmin binanın sakinlərinə güzəşt edərək aylıq ödənişi 18 manatdan qəbul edirdi. İndi həmin müştərilərə edilən güzəştlər ləğv olunur. Heç bir qiymət artımından söhbət getmir. Çünki faktiki olaraq bu gün internetin aylıq qiyməti 25 manatdır”, – deyə mənbə bildirib.


























