Azərbaycanlı dənizçilər Türkiyədə köməksiz vəziyyətdə qalıb. Bu barədə Vətəninfo.az-a açıqlamasında gəmi kapitanın baş köməkçisi Habil Bəylərov məlumat verib. Habil Bəylərov bildirib ki, Türkiyənin Çanaqqala limanında iyunun 10-dan saxlanılan gəmidə vəziyyət olduqca acınacaqlıdır. “Gəmidəkilər içməli su və ərzaqla təmin edilmir. . Gəmimiz Centro Management LP şirkətinə məxsusdur. “New Life” adlı və IMO 8876510 nömrəli gəmimiz 10 iyun 2025-ci il tarixində gecə saat 22:30 radələrində Çanaqqala boğazında yerləşən Karanlık limanında saxlanılıb. Gəmi o vaxtdan etibarən orada həbs vəziyyətində saxlanılır. Hazırda gəmidə 7 azərbaycanlı və 4 ukraynalı dənizçi var və onlar ağır şəraitdə qalmağa məcburdur. Həmçinin biz 4 aydır ki, maaş almırıq və eyni zamanda yemək və içməli su ehtiyatları da tükənib. Gəmi heyətinin vəziyyəti olduqca ağırdır və onların sağlamlığı ciddi təhlükə altındadır. Gəmi sahibi tərəfindən gəminin gələcəyi ilə bağlı heç bir məlumat verilmir. Biz heyət üzvləri baş verənlərdən tamamilə xəbərsizik və rəsmi qurumlarla ünsiyyət qurmaqda çətinlik çəkirik. Gəmidə azərbaycanlı heyət üzvləri Aslan Aslanov, Fuad Hacıbalayev, Fərhad Məmmədli, Məmməd İbrahimov, Röyal Qurbanov , Bəyalı Süleymanov artıq çətin vəziyyətdəyik. Ümumilikdə gəmidə 11 heyət üzvü var. 7 azərbaycanlı və 4 Ukrayna vətəndaşı. Ərzaq və suyumuz 5 gündür ki, tamamilə qurtarıb. Biz Azərbaycan dövlətindən kömək gözləyirik. ” – deyə Habil Bəylərov bildirib.