İkinci Tiryək müharibəsindən sonra, 1860-cı ildə Rusiya ilə imzalanan Pekin müqaviləsinə əsasən Çin imperiyasının şimal-qərb sərhədləri Amur və Ussuri çaylarının sağ sahilindən keçirdi. Yəni hər iki çayın akvatoriyası və buradakı adalar Rusiya ərazisi sayılırdı, çinlilər onlardan, məsələn, suvarma və balıqçılıq məqsədilə istifadə edə bilməzdilər. Bu məhdudiyyətə hər iki tərəf uzun müddət barmaqarası baxırdı, çinlilər təsərrüfat məqsədilə istifadə edirdilər, ruslar da bir söz demirdilər, amma hər halda de-yure belə idi.
Birinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemində sərhədlərin çayın ortası ilə keçməsi qaydası tətbiq edildi. Amma bu, imperativ qayda deyildi, istisnalar da ola bilərdi. Məsələn, dənizə çıxışının az olmasından şikayətlənən İraq 1937-ci ildə İranla imzaladığı müqaviləyə görə, iki dövlət arasındakı sərhəd Şəttül-ərəb çayı hissəsində İran sahilindən keçir, çay tamamilə İraqa aid edilirdi. Doğrudur, Tehran bu müqaviləyə Londonun basqısı ilə razı olmuşdu və 1969-cu ildə imtina etdi.
Çin 100 ildən artıq müddət ərzində Pekin müqaviləsinin şərtlərilə bağlı bir irad bildirmədi. 1949-cu ildə ölkədə kommunist hakimiyyəti qurulandan sonra belə bir iradın heç vaxt olmayacağını güman etmək olardı. Amma əksi baş verdi və düz 20 il sonra sərhəd məsələsi iki kommunist dövlət arasında ciddi silahlı toqquşmaya səbəb oldu. Bunun da bir neçə səbəbi vardı.
Çin lideri Mao Tszedun sovet Kommunist partiyasının 1956-cı ildə keçirilən XX qurultayında Stalinin və şəxsiyyətə pərəstişin tənqid edilməsinə neqativ reaksiya verdi. Maonun istər Çin kommunistlərinin rəhbəri seçilməsində, istərsə də vətəndaş müharibəsində Homindana qalib gəlməsində Stalinin dəstəyi böyük rol oynamışdı. Amma neqativ reaksiyasının səbəbi, yəqin ki, Stalinə olan böyük sevgisi deyildi. Mao Moskvanın böyük qardaş himayəsindən qurtulmağa çalışır, hətta özü böyük qardaş olmağa çalışırdı. O, hesab edirdi ki, yeni sovet lideri Xruşşovdan daha çox ümumdünya kommunist hərəkatı liderliyinə layiqdir. Zatən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) də Stalinin ölümündən sonra hazırladığı proqnozda belə ssenarini mümkün hesab edirdi.
Bununla belə, 1958-ci ildə Tayvan məsələsinə görə Çin və ABŞ arasında münasibətlər gərginləşəndə, Moskva Vaşinqtonu xəbərdar etdi ki, Çinə hücumu özünə hücum kimi qiymətləndirəcək. Amma bu, sovet-Çin münasibətlərini pisləşməsi prosesini durdurmadı. 1960-cı ildə Çin və Hindistan münasibətlərinin kəskinləşməsi fonunda Mokvanın Dehli ilə yaxınlaşması Pekində birmənalı qarşılanmadı. İyulda Çində çalışan sovet mütəxəssisləri geri çağrıldı, ölkələr arasında ticarət dövriyyəsi üç dəfə azaldı. SSRİ-nin xüsusən atom silahı sahəsində əməkdaşlığı dayandırması Çinə ağrılı təsir göstərdi. 1962-ci ilin iyul-noyabr aylarında Çin və Hindistan arasında sərhəd müharibəsi baş verəndə də SSRİ bitərəf qaldı.
Daha bir əhəmiyyətli səbəb Çinin daxili problemləri ilə bağlı idi. Maonun 1950-ci illərin sonlarında irəli sürdüyü “böyük sıçrayış” planı böyük fəlakətə çevrildi, milyonlarla insan aclıqdan həlak oldu. Bu vəziyyət Maonun Çin rəhbərliyindəki mövqeyini xeyli sarsıtdı: o, tez-tez tənqid olunurdu. Təcrübə göstərir ki, diktatorlar belə hallarda xarici dövlətlə konfliktə getməyə üstünlük verirlər.
***
Çin hökuməti 1960-cı illərin əvvəllərindən SSRİ ilə sərhəd xəttindən narazılıq etməyə başladı. Eyni zamanda Çin kəndliləri (yəqin ki, kəndli geyimində xüsusi xidmət əməkdaşları idilər) sərhəd çaylarında balıq tutmağa, buradakı adalarda ot biçməyə, çırpı toplamağa başlayırlar. Əvvəllər də belə hallar hərdən olurdu və sovet sərhədçiləri buna mane olmurdular. İndi qəsdən törədilən təxribat olduğu aydınlaşanda, reaksiya da sərtləşməyə başladı. Çinliləri zor tətbiq edərək çaydan və adalardan uzaqlaşdırırdılar. Amma odlu silah tətbiqi qəti qadağan idi.
SSRİ və Çin arasında sərhəd problemləri ilə bağlı ilk danışıqlar 1964-cü ilin fevralında başladı. Bu zaman Çin tərəfi üç şərt irəli sürdü: Mövcud müqavilələr danışıqlar üçün əsas olmalıdır; Danışıqlarda ayrı-ayrı hissələr deyil, bütün sərhəd müzakirə olunmalıdır; Mövcud müqavilələr qeyri-bərabər kimi tövsif olunmalı, onlara əsasən yeni müqavilə imzalanmalıdır. Çinlilər vurğulayırdılar ki, çar Rusiyası ilə Çin arasında imzalanan müqavilələrin qeyri-bərabər kimi tanısalar da, iki ölkə arasında münasibətləri nəzərə alıb ərazi iddiasında olmayacaqlar.
Bu şərtlər sovet tərəfinin xoşuna gəlmədi. Çin ilə sərhədin bir hissəsi hər hansı müqavilə ilə tənzimlənmirdi, sadəcə tarixən formalaşmışdı. Digər tərəfdən, müqavilələrin qeyri-bərabər kimi tanınması verilən vədə baxmayaraq, gələcəkdə ərazi iddiasına səbəb ola bilərdi. Çinin qeyri-bərabər saydığı dörd müqavilə əsasında Rusiyaya 1,5 milyon kv km-dən çox ərazi keçmişdi: 1858-ci ilin Ayqun müqaviləsinə görə 600 min kv km, 1860-cı ilin Pekin müqaviləsinə görə 400 min kv km, 1864-cü ilin Çuquçak müqaviləsinə görə 440 min kv km və 1881-ci ilin Peterburq müqaviləsinə görə 70 min kv km.
Bundan əlavə, Pekin iddia edirdi ki, SSRİ hətta mövcud müqavilələrə də əməl etmir, Çinin ərazisinə girirdi. İki ölkə arasında 40 min kv km mübahisəli ərazinin olduğunu deyilirdi. Sovet nümayəndələri isə müəyyən dəqiqləşmələrin (demarkasiya) mümkünlüyünü qəbul edir, amma mübahisəli ərazilərin olmadığını söyləyirdilər.
İnsafən, sovet tərəfi daha konstruktiv mövqe tuturdu və sərhədin çayların ortası ilə keçməsinə də razılıq vermək niyyətində idi. Amma qeyri-bərabər müqavilələr, mübahisəli ərazilər barədə Pekinin iddiaları, eləcə də Mao Tszedunun 1,5 milyon kv km ərazinin Çindən haqsız qoparılması barədə fikirlərinin danışıqlar zamanı yerli mətbuatda getməsi Moskvanı çəkindirdi. Tərəflər razılığa gələ bilmədilər və altı ay davam edən danışıqlar avqustda nəticəsiz yekunlaşdı.
Bundan sonra ölkələr arasında münasibətlər durmadan pisləşdi və sərhəddə təxribatlar çoxaldı. Çin mətbuatı SSRİ-ni ABŞ-dan çox tənqid etməyə başladı. Moskvanın daxili və xarici siyasəti revizionizm, hegemonluq və sosial-imperializm kimi terminlərlə qiymətləndirildi. Sovet İttifaqında 1964-cü ilin payızında baş verən hakimiyyət dəyişikliyindən, partiya rəhbəri postunda Xruşşovu Leonid Brejnevin əvəz etməsindən sonra iki ölkə arasında gərginliyin səngiməsini gözləmək olardı, amma belə olmadı. Əksinə, 1966-cı ildə hər iki tərəf səfirlərini geri çağırdılar və iki ölkə arasında diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsinə endi.
1964-cü ilin oktyabrından 1965-ci ilin martına kimi sərhəddə 36, təkcə aprel ayında isə 12 insident baş verdi. Çin tərəfindən təşkil olunan bu insidentlərin sayı get-gedə artırdı. Bəzi mənbələrə görə, 1964-cü ilin oktyabrında 1969-cu ilin martına qədər 4189 sərhəd insidenti baş verib. Belə insidentlərin tez-tez baş verdiyi yerlərdən biri də Damanski (çincə: Çjenbao) adası idi.
Ada Ussuri çayının Çin ərazisinə girməsi nəticəsində yaranmışdı. Əgər sərhəd çayın ortası ilə keçsəydi, Damanski Çin ərazisinə düşəcəkdi, Çin sahili ilə keçdiyi üçün SSRİ ərazisi sayılırdı. Cəmi 0,74 kv km ərazisi olan ada ilin bir hissəsini suyun altında qalırdı. 1969-cu ilin qışında bu ada ətrafında gərginlik lap artdı. Amma bu gərginlik hələ ki, əlbəyaxa və ya küt alətlərlə dava-dalaş şəklində idi.
Martın 1-dən 2-ə keçən gecə 300-dən çox Çin hərbçisi buz bağlamış çayın üzərindən adaya keçərək gizləndilər. Səhər saat 10:20-də isə sovet sərhədçiləri başqa bir dəstənin, təxminən 30 nəfər hərbçinin adaya tərəf hərəkət etdiyini qeydə aldı. Sovet sərhədçilərinin də bir dəstəsi adaya çıxdı və çinlilərin ərazini tərk etmələrini istədilər. Çinlilər isə, o cümlədən, gecə gələnlər, qəflətən atəş açaraq sovet hərbçilərini güllələdilər. Bundan sonra əsl döyüş başladı.
Sovet sərhədçilərinin bir qrupu zirehli transportyorla adaya doğru gəldilər. Saat 13:00-a qədər davam edən atışmadan sonra çinlilər geri çəkilməyə başladılar. Sovet tərəfindən 31 sərhədçi həlak oldu. Çin itkiləri barədə isə dəqiq məlumat yoxdur.
Bu döyüşdən sonra sovet sərhədçilərinin arxasında motoatıcı diviziya yerləşdirildi. Həmin diviziyanın ixtiyarında həm də o vaxta qədər hərbi əməliyyatlarda istifadə olunmamış məxfi “Qrad” reaktiv yaylım atəşi sistemi vardı. Bununla belə, Moskva yeni təxribat baş verərsə, ancaq sərhədçilərin qüvvəsi ilə dəf etməyi tapşırdı.
Növbəti toqquşmanı çox gözləmək lazım gəlmədi. Martın 14-15-də baş verən döyüş zamanı çinlilərin daha çoxsaylı olması, üstəlik öz ərazilərindən artilleriya və minaatanlarla dəstəklənmələri öz sözünü dedi. Sovet sərhədçiləri iki tank və bir neçə zirehli transpotyor itirdilər. Ölənlər arasında hətta polkovnik rütbəli zabit – sərhəd dəstəsinin komandiri, Bakı doğumlu Demokrat Leonov da vardı.
Məlum oldu ki, sırf sərhədçilərin gücü ilə çinlilərin qarşısını almaq mümkün olmayacaq. Uzaq Şərq hərbi dairəsinin komandanı, general-polkovnik Oleq Losik məsuliyyəti üzərinə götürərək motoatıcı diviziyadan istifadə etməyi qərara aldı. Sovet sərhədçilərinə Damanskidən çəkilmək əmri verildi. Sonra isə ada “Qrad”la güclü atəşə tutuldu. Bəzi mənbələrdə adanın aviazərbələrə də məruz qaldığı deyilir. Nəticədə burada olan, demək olar, bütün canlı və texniki qüvvə məhv edildi.
Damanskidə baş verən iki toqquşma zamanı sovet tərəfi 58 nəfər itirdi. Çin tərəfindən ölənlərin sayı indi də gizli saxlanılır, amma bir neçə yüz nəfər olması şübhə doğurmur. Beləliklə, ərazisinə görə dünyada birinci və üçüncü yeri tutan, ümumi əraziləri təxminən 32 milyon kv km-ə bərabər iki dövlət sahəsi heç 1 kv km olmayan adadan ötrü yüzlərlə insanın həyatına son qoydular.
***
İkinci konfliktdən sonra Damanski ətrafında nisbətən sakitlik oldu. Aprel ayında isə çayı örtən buz əridi və adaya piyada gediş-gəliş kəsildi. Çinlilər adaya çıxmağa çalışanda sovet sərhədçiləri sahildən atəş açmaqla kifayətlənir, daha yaxın döyüşə girmirdilər.
Bu arada Moskva sərhəd problemini danışıqlar yolu ilə həll etmək üçün iki dəfə – martın 29-da və aprelin 11-də təklif göndərdi. Amma Pekin buna cavab vermədi. Mao Çin Kommunist partiyasının IX qurultayına hazırlaşırdı və gərginliyin hələ bir müddət qalmasında maraqlı idi. 1-24 aprel taixində keçirilən qurultayda ABŞ imperializmi ilə yanaşı sovet revizionizmi də əsas düşmən elan edildi.
Qurultayın bitməsindən bir ay sonra Moskvanın təklifinə cavab verildi. Bu cavabda Pekin bir yandan danışıqlara hazır olduğunu bildirirdi. Digər tərəfdən də Çjanbaonun (Damanskinin) Çin ərazisi olduğunu deyir və Moskvanın XIX əsrdə imzalanmış müqavilələri qeyri-bərabər kimi tanımalı olduğunu ilkin şərt kimi irəli sürürdü.
Belə “danışıqlara hazırlıq”dan sonra sərhəddə gərginliyin davam etməsi təəccüblü deyil. Damanskidən sonra daha ciddi toqquşma Qazaxıstan ərazisində, Jalanaş gölü yaxınlığında baş verdi. Burada avqustun 13-də baş verən toqquşmada 2 sovet və 21 Çin hərbçisi öldürüldü. Bu, SSRİ-Çin sərhədində sonuncu döyüş oldu.
Sentyabrın 2-də Şimali Vyetnamın kommunist prezidenti Xo Şi Min vəfat etdi. Bir həftə sonra Hanoyda baş tutan dəfn mərasimində SSRİ-ni baş nazir Aleksey Kosıgin təmsil edirdi. O, vyetnamlılardan Çinlə SSRİ arasında vasitəçi olmağı xahiş etdi. Baş nazir SSRİ-yə qayıdarkən Pekində Çinin Dövlət şurasının sədri Çjou Enlayla görüşmək istəyirdi. Cənubi Vyetnama və ABŞ-a qarşı müharibə aparan şimali vyetnamlılar da özlərinin iki əsas dəstəkçilərinin münasibətlərinin yumşaldılmasında maraqlı idilər.
Çindən cavab gələnə qədər Kosıgin Hanoyu tərk etdi. O, çinlilərin görüşə razı olmaları barədə xəbəri yanacaq doldurmaq üçün endikləri Daşkənddə eşitdi və Pekinə uçdu. Hava limanının fəxri qonaqlar üçün nəzərdə tutulan zalında iki hökumət rəhbəri üç saata yaxın görüş keçirdi. Hər iki tərəf müharibə istəmədiyini, sərhəd probleminin dinc yolla həllini arzuladıqlarını bildirdilər, üstəlik, iki ölkə arasında münasibətlərin korlanmasında ABŞ təbliğatını günahlandırdılar.
Bununla belə, danışıqlar asan keçmədi.Yenə qeyri-bərabər müqavilələr, Çindən qoparılan 1,5 milyon kv km, mübahisəli ərazilər, eləcə də iki dövlət nümayəndələrinin çıxışlarında, mətbuatda qarşı tərəfə səslənən ittihamları söhbətin mövzusu oldu. Bununla belə, ixtilafları həll etmək üçün danışıqlara başlamaq, eləcə də diplomatik münasibətləri səfirlər səviyyəsinə qaytarmaq barədə razılıq əldə olundu. Nəticədə, sərhəddə gərginlik xeyli azaldı və daha heç vaxt 1960-cı illərdəki kimi gərgin olmadı.
***
SSRİ və Çin arasında sərhəd konflikti Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq istəyinə səbəb oldu. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer 1971-ci ildə, prezident Nikson özü isə 1972-ci ildə Pekinə səfər etdi. Qərblə dinc yanaşı yaşamaq siyasətinə görə Xruşşovu opportunist hesab edən Mao Tszedun indi özü ABŞ ilə yaxınlaşdı. Nəticədə, ABŞ BMT Təhlükəsizlik Şurasında Çin Respublikasını (Tayvan) Çin Xalq Respublikasının əvəzləməsinə illərdir qoyduğu vetonu geri çəkdi.
Çin ilə sərhəd müqaviləsi SSRİ-nin yalnız son ilində, 1991-ci ilin mayında imzalandı. Tərəflər Amur və Ussuri çaylarında sərhədin çayın ortasından keçməsi ilə razılaşdılar. Nəticədə, Damanski Çinə çatdı. Bununla belə, bəzi mübahisəli ərazilər qalırdı ki, onlar da Rusiya və Çin arasında 2003-cü ildə imzalanan müqavilə ilə həll edildi. Çin və Qazaxıstan arasında 1998-ci ildə imzalanan müqaviləyə əsasən isə Jalanaş gölü ətrafındakı mübahisəli ərazi Çinə verildi.
Yadigar Sadıqlı