Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Şoyqu bunu Təhlükəsizlik Şurasının Elmi və Ekspert Şurası Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiyanın regionda “strateji və tarixi maraqları” var. Moskva ilk növbədə Cənubi Qafqazda sülh və sabitliyin olmasında, təhlükəsizliyə və milli maraqlara birbaşa və ya dolayı təhdidlərin qarşısının alınmasında maraqlıdır.
Şoyqu həmçinin Rusiyanın İran, Hindistan, Pakistan, Türkiyə və ərəb ölkələri ilə əlaqələrinin fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Rusiya rəsmisi Ermənistanın Avropaya inteqrasiyası məsələsinə də toxunub. O bildirib ki, Moskva Yerevanın Avropaya inteqrasiyasını “maliyyələşdirməyəcək”.
Şoyqu Ermənistan hakimiyyətini ölkədə fəaliyyət göstərən Rusiya bizneslərinə qarşı “basqınçılıq yolu ilə ələ keçirmə” siyasəti aparmaqda ittiham edib.
O, ABŞ və Avropa İttifaqının Rusiya və İranın mövqelərini zəiflətmək və Cənubi Qafqazda öz qaydalarını formalaşdırmaqda strateji maraqlı olduğunu iddia edib.
Şoyqu həmçinin Rusiyanın regiondakı maraqlarının “ünvanlı, hədəflənmiş və ciddi şəkildə müdafiə edilməsinə” çağırıb.


























