Rusiyanın hərbi hava bazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.
Vətəninfo.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, döyüşlər zamanı azı 48 nəfər həlak olub.
Təşkilat qeyd edir ki, bunlar dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmalardır.
Ölənlər arasında 16 təhlükəsizlik əməkdaşı, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var.
Bundan əvvəl SANA agentliyi keçmiş prezidentin tərəfdarlarının Aralıq dənizi sahilində yerləşən Cəblə şəhərində nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyini bildirmişdi. Rusiyanın Xmeymim aviabazası bu yerin yaxınlığında yerləşir.