Suriyanın Hüms və Deyr əz-Zövr vilayətlərində Amerika Birləşmiş Ştatlarının qüvvələrinin yerləşdiyi Tənəf və Ömər neft yatağındakı hərbi bazalara mənşəyi bilinməyən kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil olunub.
Yerli mənbələrdən əldə edilən məlumata görə, saat 22:30 radələrində Deyr əz-Zövrdə Fərat çayının şərqindəki Ömər neft yatağındakı baza, mənşəyi bilinməyən kamikadze PUA ilə hədəfə alınıb. Hücumdan sonra baza ərazisində xəbərdarlıq siqnalı səsi eşidilib və Amerikaya məxsus qırıcı təyyarələr bölgə səmasında uçuşlar həyata keçirib. Daha sonra ABŞ qüvvələri Ömər neft yatağındakı bazasından Fərat çayının qərbində İranın dəstəklədiyi qrupların fəaliyyət göstərdiyi Həşşam, Cafra, Haviçə və Mrayiyyə kəndlərini toplarla hədəfə alıb.
Digər tərəfdən Hüms vilayətinin səhra bölgəsində yerləşən Tənəf bazasına bir neçə kamikadze PUA ilə hücum edilib. Onların bir qismi bazadakı hava müdafiə sistemləri tərəfindən hədəfə çatmadan vurulsa da, sayı dəqiq bilinməyən PUA-lar bazaya düşüb. Hər iki bazada itki olub-olmadığı bilinmir.
Son dövrdə Suriyada Tənəf bölgəsi, İraq sərhədinə yaxın Məlikiyyə qəsəbəsi, Hasekə vilayətinə bağlı Şəddadi qəsəbəsi və Deyr əz-Zövr vilayətindəki ABŞ ordusunun yerləşdiyi bazalara mənşəyi bilinməyən PUA, SPUA və bəzən raketlər ilə hücumlar təşkil olunur. İranın dəstəklədiyi qruplar Fərat çayının şərq sahilindəki Amerika Birləşmiş Ştatlarının bazalarına vaxtaşırı raket və SPUA-larla hücumlar həyata keçirir.