Vətəninfo.az xəbər verir ki , Almaniyanın daxili işlər naziri Nensi Faeser ölkədə suriyalılara verilən qorumaya yenidən baxılacağını bildirib.
“Suriyada vəziyyət sabitləşdiyi üçün, bizim qanunlarımıza uyğun olaraq, Federal Miqrasiya və Qaçqınlar İdarəsi (Bamf) suriyalıların Almaniyada müdafiəyə ehtiyacı olmadığını nəzərdən keçirəcək və ləğv qərarı verəcək”, – N.Faeser “Funke Media”ya bildirib. O, bu vəziyyətin iş və ya təhsil kimi başqa səbəblərdən yaşamaq hüququ olmayan və könüllü surətdə Suriyaya qayıtmayanlara da şamil ediləcəyini söyləyib.
Almaniyanın daxili işlər naziri deyib: “İlk növbədə, təhlükəsizlik məsələlərinə diqqət yetiririk. Yaxşı, inteqrasiya olunmuş, işləyən, almanca öyrənmiş və burada yeni ev qurmuş hər kəsin Almaniyada qalmasına icazə verilməlidir. Almaniyadan ayrılmaq istəyənlər dəstəklənməlidir.
Ağır cinayətlər törədən şəxslər təcili deportasiya edilməlidir”.
Qeyd edək ki, Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda ölkədə bir milyona yaxın suriyalı yaşayır. BAMF 2024-cü il dekabrın 8-dən Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra suriyalıların sığınacaq müraciətlərini dayandırıb.