Vətəninfo.az BBC- yə istinadən xəbər verir ki, Tailand polisi Buddist rahiblərlə qeyri-etik münasibətdə olub, daha sonra onları şantaj edərək milyonlarla baht qazandığı iddia edilən qadını həbs edib.
Rəsmi məlumatlara görə, polis tərəfindən “xanım Qolf” olaraq tanınan qadının son üç il ərzində azı doqquz rahiblə cinsi əlaqədə olduğu, onların intim görüntüləri vasitəsilə isə ümumilikdə 385 milyon baht (təxminən 11,9 milyon dollar) pul aldığı məlum olub.
Qadının evində aparılan axtarış zamanı 80 mindən çox foto və video material aşkarlanıb. Bu görüntülərin rahibləri təhdid və şantaj etmək məqsədilə istifadə edildiyi bildirilir.
Qalmaqal Tailandın cəmiyyətində dərin hörmətə malik olan Buddist təşkilatına ciddi zərbə vurub. Son illərdə rahiblərin cinsi cinayətlər və narkotik alveri ilə əlaqələndirilməsi halları bu etimadı sarsıtmağa davam edir.
İşə ilk dəfə iyunun ortalarında Banqkokda yerləşən bir abbatın rahibliyi qəflətən tərk etməsi ilə diqqət çəkilib. Məlum olub ki, xanım Qolf həmin rahiblə may ayında münasibətdə olub və daha sonra körpəsinin olduğunu iddia edərək 7 milyon bahtlıq aliment tələb edib.
Araşdırma zamanı məlum olub ki, digər rahiblər də bənzər sxem üzrə qadına külli miqdarda pul köçürüblər.
Polis bildirib ki, əldə olunan vəsaitin əhəmiyyətli hissəsi çıxarılıb və bir qismi onlayn qumar oyunlarına sərf olunub. Qolf bir neçə ağır ittihamla – o cümlədən hədə-qorxu yolu ilə pul qoparma, çirkli pulların yuyulması və oğurluq malların əldə edilməsi – üzrə mühakimə olunacaq.
Səlahiyyətlilər, ictimaiyyəti oxşar hallar barədə məlumat verməyə təşviq etmək məqsədilə qaynar xətt də yaradıb.